Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali və orta ixtisas təhsil müəssislərinə qəbul üzrə keçirilən qabiliyyət imtahanları davam edir.

DİM-dən bildirilib ki, bakalavriat səviyyəsi üzrə rəngkarlıq (10, 67), qrafika (11), heykəltaraşlıq (12) və  ümumi (9 illik) orta təhsil bazasında 311, 511, 711-ci komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlər rəsm fənni, dekorativ-tətbiqi sənət ixtisasının (15 saylı qabiliyyət imtahanı komissiyası) rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər isə rəngkarlıq fənni üzrə imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini 1 iyul tarixindən çap edə bilərlər.

Musiqi sənəti istiqamətinin 71, 73, 74 və 96-cı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən və imtahanlarını Bakı şəhərində verən abituriyentlər də buraxılış vərəqələrini çap edə bilirlər.

DİM-in məlumatında qeyd olunur ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “Proqram forması”nı mütləq gətirməlidirlər.

71, 73, 74 və 96-cı qabiliyyət imtahanı komissiyaları üzrə imtahan proqramı mütləq konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Müşayiətsiz ifa qəbul edilmir. Konsertmeysterlər də müvafiq qaydada qeydiyyatdan keçə bilərlər.

“Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, bina və s. məlumatlar əksini tapıb.

Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) DİM-in saytında imtahanlarla bağlı cədvəldəki qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Qrafik mütəmadi olaraq yenilənir və abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləmək tövsiyə olunur.