Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Kəlağayı festivalı keçirilib. Tədbir “Sazlı-sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi, “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.

İctimai birliyin sədri Güllü Eldar Tomarlı diqqətə çatdırıb ki, Azərbaycan kəlağayı sənəti 2014-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar tarixin 10 illiyi münasibətilə ictimai birlik Azərbaycanın bölgələrində, elm və təhsil ocaqlarında tədbirlər keçirir. “Sazlı-sözlü kəlağayı” festivalı işğaldan azad olunmuş Şuşada ilk dəfə təşkil olunur.

Festival çərçivəsində təşkil olunan sərgidə 200 qədimi kəlağayı, qurama ustası Aybəniz Camalovanın əl işləri, Gülnarə Məmmədovanın rəsm əsərləri və kəlağayıya həsr edilən kitab təqdim olunub.