Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astata Regional nümayəndəliyi Masallı bölməsinin birgə təşkilatçılığı ilə “İlmələr və düşüncələr” adlı ustad dərs keçirilib.
Dərsin məqsədi Azərbaycanda tətbiqi incəsənətin qədim növü olan xalça sənətinin yeni nəsillərə tanıdılmasıdır.
Muzeyin direktoru Əntiqə Tağıyeva xalça sənəti haqqında danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələri eramızdan əvvələ aiddir. Azərbaycan mədəniyyətində xalça, sadəcə, bir ev bəzək elementi deyil, o həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirən, bədii zövqü əks etdirən incəsənət nümunəsidir.
Sonra təcrübəli xalçaçı Tünzalə Abuzərova iş prosesi, istifadə olunan alət və məmulatlar haqqında geniş və ətraflı məlumat verib. Dərs zamanı iştirakçıların sualları ətrafında maraqlı diskussiya aparılıb. Yeniyetmə və gənclər özlərini xalça dəzgahı arxasında sınayaraq bir neçə ilmə vurublar.