Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi “Yeni adlar” layihəsinin mövsüm üzrə sonuncu konserti olub. 

İyulun 1-də keçirilən konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Mahir Hacıyev (kamança) və Mirəli Əlizadə (tar) çıxış ediblər.

Proqramda Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”i və Tofiq Bakıxanovun “Tar və orkestr üçün 1 nömrəli konsert”i səsləndirilib. Gənclərin yüksək şövqlə ifa etdikləri əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov gəncləri uğurlu ifa münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Xatırladaq ki, “Yeni adlar” layihəsinin məqsədi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqini duyaraq böyük sevgi ilə ifa edən ifaçıların sayının artmasına töhfə vermək məqsədilə gerçəkləşir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Layihə çərçivəsində konsertlər sentyabr ayında – yeni mövsümdə davam etdiriləcək.