COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən bildirilib ki, media nümayəndələrinin COP29-a akkreditasiyası üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) akkreditasiya platforması fəaliyyətə başlayıb. İyulun 2-dən etibarən https://unfccc.int/cop29 portalı vasitəsilə dünyanın hər yerindən media nümayəndələri UNFCCC Katibliyinə akkreditasiya üçün müraciət edə bilər.

COP29 sessiyaları 11–22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.

COP29-a akkreditə olunmuş jurnalistlər konfrans çərçivəsində media üçün nəzərdə tutulan peşəkar məzmun və infrastruktura birbaşa çıxış əldə etməklə yüksək səviyyəli danışıqları əyani və ya onlayn şəkildə izləmək, konfransın rəsmi proqramına birbaşa çıxış əldə etmək, iqlim dəyişmələri sahəsində elmi və texnoloji yeniliklərdən xəbərdar olmaq kimi bir sıra imkanlardan yararlana biləcəklər. COP29-un Yaşıl və Mavi zonalarına giriş imkanı yaradan akkreditasiya ilə jurnalistlər həmçinin tədbir çərçivəsində təşkil ediləcək mətbuat konfransları, brifinqlər və digər media tədbirlərinə qatıla biləcək, eyni zamanda tədbir məkanında yerləşən mətbuat mərkəzlərinə və media zonalara giriş əldə edəcəklər. Yaşıl zonaya girişi təmin edən akkreditasiya növü üzrə isə qeydiyyat COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən aparılacaq və yaxın zamanda elan olunacaq.

Akkreditasiya çap və onlayn media orqanları, televiziya və radio təmsilçiləri, fotojurnalistlər və digər media nümayəndələrinə təqdim olunacaq. Elektron platformada qeydə alınan ərizələr UNFCCC tərəfindən qiymətləndiriləcək və akkreditasiya meyarlarına cavab verən media nümayəndələri təsdiq bildirişini aldıqdan sonra asanlıqla qeydiyyatı tamamlaya biləcək.