Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir

 

Danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.

Prezident İlham Əliyev bu barədə iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamilton ilə söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edərkən deyib.

Səfirin etimadnaməsini qəbul edən dövlətimizin başçısı daha sonra onunla söhbət edib.

Kevin Hamilton Azərbaycanın çox gözəl, dinamik inkişaf edən və mühüm ölkə olduğunu vurğulayıb. Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa, regionda əməkdaşlıq üçün yeni imkanların yaranacağına ümidvar olduğunu bildirən səfir deyib: “Kanada regionda daha yaxşı münasibətlərin qurulmasını arzulayır ki, bunun nəticəsində bizim həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrimiz inkişaf etsin”.

Diplomat Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparılmasından məlumatlı olduğunu qeyd edib.

Dövlətimizin başçısı torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib. Prezident İlham Əliyev həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirib. O, 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü, amma bütün bunların heç bir nəticə vermədiyini deyib. Dövlətimizin başçısı qeyd edib ki, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi.

İlham Əliyev bildirib ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük. Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədin bir yerində delimitasiyaya nail olunub.

Prezident diqqətə çatdırıb ki, COP29 məsələsində Ermənistan bizim bu tədbirə ev sahibliyi etməklə bağlı məhdudiyyətini aradan qaldırıb, biz isə onların COP-un idarəedici orqanlarında iştirakına qarşı çıxmadıq.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu. İndi biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır.

İlham Əliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, ötən ilin dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra, 2023-cü ilin dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirib ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.

Danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyiş olduğunu deyən dövlətimizin başçısı əlavə edib ki, sülh müqaviləsinin ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bu, bir variant ola bilər – əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin. Amma bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.

Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.

***

Prezident İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun da etimadnaməsini qəbul edib.

İlham Əliyev səfirlə söhbət zamanı ölkələrimiz arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

Dövlətimizin başçısı Ağdam rayonunda Qırğızıstanın məktəb tikintisi layihəsini və quruculuq prosesinə göstərdiyi dəstəyi vurğulayaraq buna görə Qırğız Respublikasının Prezidenti Sadır Japarova və qırğız xalqına bir daha minnətdarlığını bildirib, bunu qardaşlıq əlaqələrimizin nümayişi kimi dəyərləndirib.

***

Prezident İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini də qəbul edib.