Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Tələbə -məzun” dövlət elektron məlumat sisteminə (http://tmms.gov.az/) qoşulacaq.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə müvafiq bənd (6.10-4) əlavə edilib.

Prezident İlham Əliyev iyunun 29-da sözügedən dəyişiklik barədə fərman imzalayıb.

Qeyd edək ki, “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.

Sistemlə bağlı proqram təminatının yaradılması və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemin istifadəçiləri ali və orta ixtisas təhsili müəssisələri, həmçinin Əsasnamənin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanlarıdır. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.