2010-cu ildə əsası qoyulan və ötən müddətdə Azərbaycanın mədəniyyət təqvimində xüsusi yer tutan, eyni zamanda ölkəmizin hüdudlarından kənarda da tanınmağa başlayan Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu il növbəti dəfə müxtəlif musiqi mədəniyyətlərini bir araya gətirəcək.
5–7 iyul tarixlərində zəngin qədim mədəniyyət diyarı Şəkidə XIII “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Ənənəvi festival Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Festivalın bədii rəhbəri ABİ-nin sədri Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadədir.
Bəstəkarlar İttifaqının Mətbuat xidmətindən verilən məlumata görə, builki festivalın da proqramı zəngindir. Bu il festival, həmçinin ABİ-nin 90 illiyinə təsadüf edir. Bu çərçivədə ittifaqın yubileyi Şəkidə də qeyd olunacaq.
Qeyd edək ki, indiyədək 12 dəfə keçirilən Şəki “İpək Yolu” festivalına ümumilikdə 35 ölkədən musiqi kollektivləri, ifaçılar dəvət olunub.
Sayca 13-cü festivalda İndoneziyanın “Mila Art” və “Hamdani” musiqi qrupları, Hindistanın “Bhangra” rəqs qrupu, Türkiyədən İnegöl Xalq rəqsləri qrupu (Bursa), Rusiyadan bayan ifaçısı Aydar Salaxov, eləcə də Qazaxıstan və Qırğızıstandan musiqiçilər çıxış edəcəklər.
Ənənəvi olaraq, festival Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və F.Əmirov adına Mahnı və Rəqs Ansamblının çıxışı ilə başa çatacaq.