Bakıdakı Rus evində Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Rauf Nərimanbəylinin xatirəsinə həsr olunmuş “Müəllimin xatirəsinə” adlı konsert olub. Tədbir Bakıdakı Rus evi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə birgə təşkil olunub.
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina tamaşaçılara Nərimanbəylinin milli klassik musiqi sənətinin inkişafına verdiyi töhfədən bəhs edib.
Xatirə gecəsində qonaqlar Bax, Hendel, Haydn, Motsart, Dvorjak, Çaykovski, Nikolayev, eləcə də yubileyi bu il qeyd edilən Rimski-Korsakovun musiqi kompozisiyalarından zövq alıblar.
Konsert proqramına daxil olan əsərlər BMA-nın Kamera ansamblı kafedrasının baş müəllimləri Sevda Yolçuyeva və Nərminə Hacızadənin siniflərinin tələbələri Nurcan Sadıqova, Emil Hüseynov, Faiq Əliyev, Hüseyn Məmmədov, eləcə də BMA konsertmeysteri Dilarə Kərimova, N.A. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov və BMA məktəb-studiyasının şagirdləri Leyla Yolçuyeva və Cəmilə Yolçuzadənin ifasında səsləndirilib.