Rusiyanın Suzdal şəhərində (Vladimir vilayəti) 28–30 iyun tarixlərində keçirilən II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında ölkəmiz fəxri qonaq qismində təmsil olunub.
Tədbirlərdə mədəniyyət nazirinin müşaviri Əməkdar artist Oleq Əmirbəyov, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın ədəbi hissə müdiri Cavid Zeynallı iştirak ediblər.
Konqres və festival Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı, RF Mədəniyyət Nazirliyi, Mədəniyyət Təşəbbüsləri Prezident Fondu, Vladimir Vilayəti Hökuməti və Suzdal Muzey-Qoruğunun dəstəyi ilə reallaşıb.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda panel-müzakirələrdə çıxış ediblər.
Konqres çərçivəsində Aleksandrinski Teatrı, Tatarıstan Dövlət Akademik Milli Teatrı, Başqırd Dövlət Akademik Milli Dram Teatrı və Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klasların təşkili haqqında müzakirələr aparılıb.
Qeyd olunub ki, ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlanıb və Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı iki teatrın əməkdaşlığına dair memorandum imzalanıb. Bu çərçivədə Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı olub. Aleksandrinski Teatrının təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsil proqramı həyata keçirilib.
Bu ilin sentyabr ayında iki teatr arasında mübadilə qastrolu təşkil olunacaq. Aleksandrinski Teatrında Azərbaycan teatrının tarixindən bəhs edən sərgi də açılacaq.