Rahil Tahirlinin "Aynadakı adam" kitabı işıq üzü görüb

 

Şair, publisist Rahil Tahirlinin "Aynadakı adam" adlı şeirlər kitabı çapdan çıxıb. Kitabda müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər “Bir də məndən bax özünə”, “Qərib bir adam” və “Gəlib sahilinə çatdığım dəniz” başlıqları altında təqdim olunur.

“Mücrü” nəşriyyatında işıq üzü görən kitabın redaktoru “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunislidir.

Müəllifin bədii nümunələrinin qayəsini hər halı ilə insan və onun taleyi təşkil edir. O, “yuvasından düşən quşun qəbahəti”ni, “dolu döyən çiçəklərin aqibəti”ni soruşmur. Gözlərinin gedən qarası üçün bəbəyi günahkar çıxartmır. Nöqtə boyda sevinci kədərə pənah aparanların halına yanır, dünyaya əkiz gələn qəmin tayına yiyə durur. Bir də dərdi ərköyün eləyir, əzizləyib başına çıxarır...

İnsana, onun duyğularına məxsusi baxışları olan şair yer üzünün əşrəfi sayılan bu varlığı ilahiləşdirmir. Oda od, tüstüyə tüstü deməkdən çəkinmir, qurunun oduna yaşı yandırmır, bir sözlə, hər şeyi öz adı ilə çağırır. Yazır ki, “Namərdliyi insan edir, Dünyaya namərd deyirlər”.

Şairin fikrincə, baharın gəlməsi üçün təkcə ağacların çiçək açması yetərli deyil. Təbiətlə iç-içə olan insan da çiçək açmalı, qəlbiylə, ruhuyla dünyanı gülüstanlığa döndərməlidir. Bir də o, günahkar axtarmır, bəşəriyyətin içində çabaladığı mövcud bəlalardan qurtulması üçün xilaskara möhtac olduğu qənaətindədir:

Adam çiçək açmasa, dünyaya gəlməz bahar,
Çiçək ətri qarışmaz dünyanın havasına.
Neynirəm günahkarı, mənə verin xilaskar,
Niyə çöp uzadaq ki, arının yuvasına.

Rahil Tahirli hər şeyin bir gün hamıda adiləşəcəyini düşünür. Ancaq bu adiləşməyə rəğmən insanın sözü, əməli və yaxşı ad-sanı ilə fərqlənmək, yaddaşlarda qalmaq imkanı var:

Nəfəs də ömürdə zaman boydadır,
Zaman da tükənir nəfəs sonunda.
Hər şey adiləşir hamıda bir gün,
Hamıya bənzəyir hər kəs sonunda.

Tək insanlığın yox, doğub-törəyən hər bir canlının övlad, bala kimi zəif nöqtəsi var. Təsadüfi deyil ki, uşaqların adı gələndə məcrasını söküb-dağıdan, qarşısına çıxan hər nə varsa süpürləyib aparan dağ çayı timsallı insan dalğasız dənizə, ipəyə dönür. Təəssüf ki, çağımızda dumanlanmış başların, “idrakı sönük başçılar”ın (Cavid əfəndi) məsuliyyətsiz qərarları və vurdum-duymazlığı üzündən milyonlarla uşaq aclıq, səfalət çəkir, mərmilərin, bombaların qurbanı olur... Kitabda yer alan “Uşaqların xatirinə” adlı şeirdə müəllif sadə və səmimi bir dillə insanlığa çox vacib çağırış edir, qönçə ömürlərin açılmadan solmasına dözməmək, bu qorxunc axına dur demək üçün təsirli, real addımlar atmağa səsləyir:

Silahları qoyun yerə –
Uşaqların xatirinə!
Bir çiçək götürsün hərə –
Uşaqların xatirinə!

Ömür gedir axın-axın,
Hər axında ölüm yaxın.
Özünüzə yaxşı baxın –
Uşaqların xatirinə!

Dərdi bölün, yükü bölün,
Yük altında diki bölün,
Dürmək tutub iki bölün –
Uşaqların xatirinə!

Eşqi qəlbə ilac əkin,
Sabah üçün əlac əkin,
Çoxlu-çoxlu ağac əkin –
Uşaqların xatirinə!

Şər, qan-qada iraq olsun,
Uzaq duraq, uzaq olsun.
Dönüb hamı uşaq olsun –
Uşaqların xatirinə!

Şair min illərdir insanlığı düşündürən ənənəvi mövzulara fərqli yanaşır və bu fərq həm də bənzərsiz deyim-duyum tərzində özünü göstərir. “Yerə söykənəndə yıxılmır adam”, “Silkinib çıxdım həyatından”, “Məni ürəyinə salmağa dəyməz”, “Sənsiz yaşayıb gördüm ki...”, “Alıb-satdım ömrü qoztək”, “Adam baxır gözündən” və digər şeirlərdə oxucu müəllif qayəsini duymaq üçün dağa-daşa düşmür. Bunun da səbəbi yazarın böyük ustalıqla ideyaya məsləhətli bədii don biçməsidir...

Rahil Tahirli "Aynadakı adam"la ömrün “40-cı otağ”ının qapısını ehtiyatla döymür, onu birbaşa aralayır. Çünki 20 ildən çoxdur sirli-sehrli hesab edilən 40-cı hücrədəkilərdən xəbərdardır. Şair bütün yoxluğun içində yalnız “Aynadakı adamın qalması” ilə təsəlli tapır. “Yel qopur tozun göstərir, Adam var özün göstərir” deyən müəllif özünü yox, məhz sözünü göstərməyə çalışır. O hələ illər öncə "Sonradan sonra" və "Ayrılaq, sevgi yaşasın" adlı kitabları ilə sözünü göstərib. Davamlı olsun!