Görəsən, kino ölkəsinin sənətçiləri niyə burada film çəkirlər?
Bu günlərdə “Azərbaycanfilm” kinostudiyasının həyətində qələbəlikdir. Çəkiliş meydançası, əlbisələr, pavilyon çəkilişi üçün avadanlıq, dekorasiyalar və s. Maraqlısı da budur ki, bütün heyət də hindistanlılardır. Bir sözlə, Bakıda əsl hind filmi əhvalı.
Baş verənlərdən xəbərdar olmaq üçün kinostudiyaya üz tutdum. Məlum oldu ki, çəkilişlər “Film Bridge Azerbaijan” şirkətinə həvalə olunub. Filmin prodüseri Emin Quliyev layihə haqqında ətraflı məlumat verdi:
– Hazırda Hindistanın cənubunda çox məşhur olan aktyor Ajut Kumarın rol aldığı “Vidaamuyarçı” (“Vidaamuyarchi”) filminin çəkilişləri davam edir. Niyə davam edir deyirəm, çünki bu filmin çəkilişləri ötən ilin oktyabr ayında başlayıb, dekabrda fasilə verilib. Bu dövrdə təkcə çəkiliş deyil, müəyyən hazırlıq işlərini də qeyd etməliyəm. Sonra soyuqlar düşdüyü üçün çəkiliş dayandırıldı və indi yenidən davam etdirilir.
– Onda belə çıxır ki, regionlarda da çəkilişlər olub?
– Bəli. Xızı, Qobustan, Ələt, Şamaxı ərazisində çəkilişlər etdik.
– Bu, birgə layihədir, yoxsa təkcə məkan çəkilişi?
– Əvvəla, onu deyim ki, indiyədək 30-dan çox hind film layihəsini Azərbaycana gətirmişəm. Onlar bizi tanıyaraq bura gəlirlər. Bu isə eyni tərəfdaşla reallaşdırdığım dördüncü layihədir. Onlar ilk növbədə, məkanlara gəlib baxıblar. Azərbaycan Mədəniyyət Nazirliyi ölkəmizin təbliği məqsədilə bu cür çəkilişlərin aparılmasına dəstək olur.
– Bu layihədə bizim aktyorlar da rol alıblar?
– Xalq artisti Vidadi Həsənov, həmçinin Cavanşir Hadıyev, Tural Əhməd, Vüsalə Ağayeva, Svetlana Bulax filmdə çəkiliblər.
– Filmin çəkilişləri ilə bağlı ötən il də sosial şəbəkələrdə paylaşımlar olmuşdu...
– Bəli, Ajut Kumar bu müddət ərzində Azərbaycanı çox sevdiyini deyir.
– Maraqlıdır, niyə məhz Azərbaycanı seçiblər? Filmdə hadisələr bütünlüklə Azərbaycanda baş verir, ya necə?
– Çəkilişlə bağlı səhralıq məkan axtarışında olublar. Layihəyə başlayanda seçimdə Birləşmiş Ərəb Əmirlikləri (Abu-Dabi şəhəri), habelə Mərakeş və Azərbaycan var idi. Hər üç ölkəni gəzib Azərbaycanı seçdilər. Səhralığı Qobustanda və Xızıda lentə aldılar. Bədii filmin birinci hissəsində hadisələr bütünlüklə Azərbaycanı əks etdirir. Sonradan Gürcüstanda da çəkilişlər olmalı idi. Azərbaycana tam uyğunlaşdıqları üçün Gürcüstan səhnələrini də Azərbaycanda lentə aldılar. Bir məqamı da qeyd edim ki, filmi lentə alan şirkət Hindistanın cənubunda, Tamilnad ştatının Çennai şəhərində yerləşir.
– Şirkətiniz indiyədək daha hansı ölkələrdən istehsalçıları Azərbaycana gətirməyə nail olub?
– Bu günə kimi Almaniya, Fransa, Serbiya, Pakistan, Sinqapur və s. ölkələrdən kino şirkətləri ilə 50-dən artıq layihədə çalışmışam. Yerli istehsallarımız da olub. Bunlar əsasən reklam xarakterli məhsullardır.
– Etiraf edim ki, sizin şirkət haqqında ilk dəfədir məlumat alıram...
– Yerli film bazarını hamı tanıyır. Biz xarici bazarla işləyirik deyə bir qədər kölgədə qalmışıq. Təkcə Hindistanla sayca 36-cı layihəmizdir. Bir ay əvvəl Hindistanla “Mister X” adlı layihəni başa çatdırdıq. Azərbaycanda 10 günlük çəkiliş oldu. Ağ şəhərdə lentə alındı. Mədəniyyət Nazirliyimiz bu filmin çəkilişinə də məkan sarıdan dəstək verdi.
– Siz sırf prodüser kimi çalışırsınız?
– Bəli, şirkətin rəhbəri və prodüser kimi.
***
Sonda isə onu da qeyd edim ki, “Vidaamuyarchi” (“Cəhd etmək”) filmi rejissor Magizh Thirumeni tərəfindən lentə alınan döyüş filmidir. “Lyca Productions” və “Subaskaran Allirajah” tərəfindən istehsal olunur. Filmin Hindistan premyerası 2024-cü ilin 31 oktyabr tarixinə nəzərdə tutulub.
Lalə Azəri