Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi konsertlərdə artistlər üçün geyim tərzi (dress-kod) tətbiq etmək ideyasını dəstəkləyir.
Nazirlikdən Dövlət Dumasının deputatı İrina Filatovanın bununla bağlı müraciətinə cavab olaraq bildirilib ki, mədəniyyət tədbirlərində, xüsusilə dövlət və bələdiyyə obyektlərində yaş məhdudiyyəti olmadan keçirilən tədbirlərdə çıxış edən musiqiçilərin xarici görünüşünə diqqət etməsi məqsədilə mədəniyyət sahəsində yerli orqanlara müvafiq tövsiyə göndərilib.
Qeyd olunub ki, sənətçilərin geyimləri obrazın mühüm tərkib hissəsidir və bütün tədbirin imicinin formalaşmasında mühüm rol oynayır. Bildirilib ki, bəzi musiqiçilərin geyimləri vətəndaşları narahat edə və mənfi reaksiyaya səbəb ola bilər.
Dövlət Dumasının deputatı Mədəniyyət Nazirliyinə müraciətində yaş məhdudiyyəti olmayan konsertlərdə musiqiçilərə geyim tərzinə dair müəyyən tələblər qoymağı təklif edib. Qeyd edilir ki, bir sıra müğənnilərin xüsusilə uşaq və yeniyetmələrin olduğu konsertlərdə səhnəyə açıq-saçıq geyimdə çıxması cəmiyyətdə mənfi rezonans doğurur.