Oğurlandıqdan sonra Londonda avtobus dayanacağında plastik torbada tapılan rəsm hərracda 17,5 milyon funt-sterlinqə satılıb.
İntibah dövrü rəssamı venesiyalı Titsianın (ital. Tiziano Vecellio; 1488–1576) 20 yaşında ikən çəkdiyi “The Rest on the Flight into Egypt” (“Misir yolunda dincəliş”) əsəri Londonun “Christie’s” hərrac evi tərəfindən satılıb.
1508-ci ildə çəkildiyi bildirilən tabloda Məryəmin körpəsi İsa (gələcək peyğəmbər) və əri (İosif) ilə təqiblərdən Misirə qaçarkən yolda dayanmaları təsvir olunub.
Əsər 1995-ci ildə Uiltşirdəki bir evin qonaq otağından oğurlanmış, lakin yeddi il sonra Londondakı avtobus dayanacağında plastik torbada çərçivəsiz tapılmışdı. Hərracçılar bildiriblər ki, rəsm əsərinin satıldığı məbləğ rəssam üçün yeni dünya hərrac rekordudur.
Tablonun Avstriya İmperatoru II İosif də daxil olmaqla, illər ərzində bir çox sahibi olub.