Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Məzun günü” keçirilib. Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov bu il bakalavriat səviyyəsində 396, magistratura səviyyəsində 126 nəfərin məzun olduğunu bildirib.

Rektor diqqətə çatdırıb ki, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramı çərçivəsində ATMU-dan indiyədək ümumilikdə 286 nəfər iki diplom əldə edib. Ölkəmizdə ilk dəfə ATMU-da gerçəkləşən istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr Azərbaycanda, eləcə də Türkiyənin turizm müəssisələrində peşəkar vərdişlərə yiyələniblər.

Qeyd olunub ki, universitet indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub. “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən “THE Impact – 2024” üzrə sıralamada ATMU iki istiqamət üzrə 801+ qrupda qərarlaşıb. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq müəyyən edilən bu reytinqdə ATMU “Layiqli əmək və iqtisadi artım”, habelə “Davamlı şəhərlər və icmalar” göstəriciləri üzrə 801-1000 qrupundadır.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru Jens Peter məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.

Mərasimdə 2023/2024-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin məzunlarına isə diplomlar təqdim olunub.