Regional idarə və AKİ-nin birgə təşkilatçılığı ilə
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə “Şirvanda kino günləri” layihəsinə başlanılıb.
Layihə çərçivəsində ilk filmlərin nümayişi iyulun 2-də Biləsuvar rayon Heydər Əliyev Mərkəzində gerçəkləşib.
Kinosevərlər əvvəlcə İlqar Nəcəfin “Suğra və oğulları” tammetrajlı bədii filminə baxıblar. Həmçinin Şirin Əhmədovun “Qütb ulduzu”, Amil Amalın “Titrəmə” qısametrajlı bədii, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və İntiqam Hacılının “İlkin şəhid” qısametrajlı sənədli filmləri nümayiş etdirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəis müavini Emin Mustafayev də tamaşaçılar arasında olublar.
İyul ayının birinci yarısınadək davam edəcək layihə üzrə Şirvan şəhəri, Neftçala, Salyan və Hacıqabul rayonlarında da adıçəkilən filmlərin nümayişi təşkil olunacaq.
Xatırladaq ki, AKİ tərəfindən bundan əvvəl 2022-ci ildə “Cənubda kino günləri” başlığı ilə Lənkəran, Biləsuvar və Lerik rayonlarında film nümayişləri təşkil edilmişdi.