Cəlilabad rayonunda üç ildir arxeoloji araşdırma aparılan qədim yaşayış məskəni Paşatəpə abidəsində ilk dəfə qədim kənd izləri aşkarlanıb. Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra olunması üçün xüsusi yerlər də üzə çıxıb.

Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində arxeoloji qazıntı işlərinə 2022-ci ildə başlanılıb. Qazıntılar zamanı hər mövsüm olduğu kimi, bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Vəfa Mahmudova bildirib ki, ərazidə çoxsaylı yaşayış evləri qalıqlarının üzə çıxması burada bir məhəllənin olduğunu deməyə əsas verir. Tapılmış nümunələrin araşdırılması Muğan mədəniyyətində erkən əkinçilik, sənətkarlıq, eləcə də digər sahələrlə bağlı maraqlı məlumatları üzə çıxara bilər.