İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.
Görüşdə çıxış edən Rusiya Prezidenti bildirib ki, qarşılıqlı fəaliyyətimizin miqyası böyükdür, hətta hər ay görüşsək, danışmaq üçün mövzularımız var: “Əsas məsələ – məhz qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrimiz müsbət istiqamətdə inkişaf edir. Tendensiya yaxşıdır, məncə, ilin birinci yarısında artıq 13 faizlik artım var”.
Prezident Vladimir Putin daha sonra deyib: “İnfrastruktur sahəsindəki planlarımızı qeyd etmək istərdim və təbii ki, burada indi birinci yerdə məlum Şimal-Cənub magistralıdır. Digər istiqamətlərdə, o cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Sizinlə 2022-ci ildə imzaladığımız müqavilə əsasında fəaliyyət göstəririk. Bu bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı zəmindir.
Mən humanitar sahəni də qeyd edəcəyəm. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenicə başa çatıb. Mən Sizin rus dilinin dəstəklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrədilir. Bu, gələcəkdə də əlaqələrimizin qorunub saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır”.
Azərbaycan Prezidenti qeyd edib ki, iki ölkə arasında məsələlər çoxdur və onları müzakirə etmək üçün biz mütəmadi görüşürük: “Sonuncu dəfə aprelin ikinci yarısında Moskvaya səfər etdim. Ondan bir aydan bir qədər sonra yenidən görüşürük. Siz də qeyd etdiyiniz kimi, bu onu göstərir ki, böyük uğurla həll edilən çoxlu məsələlər var. Əlbəttə, həm keçən il, həm də bu il əmtəə dövriyyəsinin artması ölkələrimizin iqtisadiyyatlarının fəal qarşılıqlı fəaliyyət göstərdiyini nümayiş etdirir. Sevindirici haldır ki, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusiyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır”.
İlham Əliyev vurğulayıb ki, humanitar əməkdaşlıq həmişə iki ölkə arasında qarşılıqlı fəaliyyətin, demək olar ki, əsasını təşkil edib: “Azərbaycanda böyük uğurla keçirilən Rusiya Mədəniyyəti Günləri də bunu bir daha təsdiqləyir. Bizdə bir milyona yaxın şagird rus dilində təhsil alır, 150 min nəfər rus məktəblərində oxuyur, 800 min nəfər isə rus dilini ikinci dil kimi öyrənir. Yəni, bu, onu deməyə əsas verir ki, vətəndaşlarımızın gələcək nəsilləri də aktiv qarşılıqlı fəaliyyətdə olacaqlar və rus dilində Sizinlə mənim danışdığımız kimi danışacaqlar”.
Söhbət zamanı Rusiyadan Azərbaycana gələn turistlərin sayında artımın olduğu, Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi də qeyd edilib.
Nəqliyyat, gəmiqayırma, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusiyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı aprel ayında Moskvada “Şimal-Cənub” layihəsi ilə bağlı aparılan müzakirədən sonra müsbət irəliləyişlərin baş verdiyini diqqətə çatdırıb: “Biz Azərbaycan ərazisində dəhlizin infrastrukturunu genişləndirmək əzmindəyik, fiziki cəhətdən mövcud olsa da, o, tərəfdaşlarımızın və qonşularımızın bu layihədən maksimum istifadə ilə bağlı niyyətlərinə uyğun gəlmir. Həmçinin Siz qeyd etdiyiniz kimi, energetika sahəsində yeni ideyalar var, bizim müvafiq strukturlarımız daimi təmasdadır. Həmçinin başqa istiqamətlər üzrə də...
2022-ci ildə biz uğurla həyata keçirilən Müttəfiqlik Bəyannaməsini imzaladıq və Bəyannamənin bütün bəndləri real həyatda öz əksini tapır. Artıq iki ildən artıqdır ki, müttəfiqlər kimi birgə işləyirik və yaxşı nəticələrə nail oluruq...”.
***
Görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu deyib. Bu əsnada müzakirələr aparılıb. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib.