Xəbər verdiyimiz kimi, Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 5-dən 7-dək növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın musiqi kollektivləri iştirak edəcəklər.
İcra Hakimiyyətindən verilən məlumata görə, Şəki festivala hazırdır.
Festival iyulun 5-də Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn bayan ifaçılarının çıxışı ilə başlayacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qruplarının konserti təqdim ediləcək.
İyulun 6-da günün birinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək. Axşam festival iştirakçıları “Az Abrau Muzeyi” ilə tanış olacaq, şərab zavodunun həyətində qurulmuş səhnədə Hindistandan gələn rəqs qrupunun və yerli musiqiçilərin çıxışına tamaşa edəcəklər. Burada Hindistan və yerli mətbəxin nümunələri də təqdim ediləcək, həmçinin şəbəkə sənəti üzrə ustad dərsi keçiriləcək.
İyulun 7-də Şəki Heydər Əliyev Mərkəzində TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyə və Qazaxıstandan gələn kollektivlərin çıxışları olacaq.
Həmin gün axşam “Marxal” kompleksinin Yay teatrında festivalın bağlanış mərasimi keçiriləcək. Mərasimdə Fikrət Əmirov adına Əməkdar kollektiv Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.