Birgə Bəyannamə qəbul olunub

 

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

Görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Bəyannamədə iki ölkə münasibətlərinin geniş spektri əhatə olunub.

Qeyd olunur ki, tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəli aparmağa dair razılıq əldə ediblər.

Tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.

Bəyannamədə həmçinin qeyd olunur ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir, Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.

Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.

Tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər.

Bəyannamədə media və informasiya mübadiləsi sahəsində əməkdaşlığa dəstək də əksini tapıb. Bundan əlavə, tərəflər elm, texnologiya, təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə təşviq etməyə hazır olduqlarını bildirirlər.

“Tərəflər mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsinin artırılması, qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəlib və qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirirlər”, – deyə sənəddə qeyd olunur.

Həmçinin tərəflər turizm üzrə əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə, eləcə də səhiyyə, idman və gənclər siyasəti sahələrində əməkdaşlığı dərinləşdirməyə, kino, media və beyin mərkəzləri sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildirirlər.

Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.