Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinə yeni direktor təyinatı olub. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bəstəkar, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Qabil qızı Hüseynova bu vəzifəyə təyin edilib.

Könül Hüseynova Bakı şəhərində anadan olub. 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Fortepiano şöbəsini fərqlənmə diplomu ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Fortepiano şöbəsinə (professor Y.Sabayevin sinfi) qəbul olunub. BMA-nın bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurub. 2008-ci ildə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

2004-cü ildən BMA-da pedaqoji fəaliyyət göstərir.

K.Hüseynova klassik musiqi janrlarında əsərlərin və vətənsevərlik ruhunda mahnılar bəstələyib. O eyni zamanda Azərbaycan musiqi mədəniyyətinə dair elmi əsərlərin müəllifidir.

Prezident İlham Əliyev müvafiq sərəncamı ilə 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, K.Hüseynova şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır.