Xəbər verdiyimiz kimi, 5-7 iyul tarixlərində Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində "İpək Yolu" XIII Beynəlxalq Musiqi Festivalı keçirilib.

Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Festivalın 1-ci günü "Marxal" turizm kompleksinin Yay teatrında İndoneziyadan dəvət edilən "Milli Art" və "Hamdanı" rəqs qruplarının çıxışları ilə təntənəli açılış mərasimi olub.

Festivalın 6 iyul proqramı Yuxarı Karvansaray və "AzAbrau-Şəki Şərab” MMC-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi kollektivləri – Şəki Folklor ansamblı, “Zirvə” ansamblı, Qax rayonu Qaxingiloy kənd Mədəniyyət evinin "Şvitkatso" xalq xoru və "İmedi" rəqs qrupunun rəngarəng çıxışları ilə yadda qalıb. 

İyulun 7-də Şəkidəki Heydər Əliyev Mərkəzində TÜRKSOY ölkələrindən – Qırğızıstan və Qazaxıstandan dəvət edilən səs sənətkarları və Türkiyədən gələn "İnegöl" rəqs qrupu festivalın səhnəsinə çıxıblar.

Həmin gün axşam Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə festivala yekun vurulub.