Küveyt Dövlətinin “Dəşti” Xeyriyyə Fondunun sədri, “Qədim əlyazmaların tədqiqi mərkəzi”nin müdiri əlyazmaşünas-alim Abdullah İbrahim Dəşti bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Qonağı institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Kamandar Şərifli qarşılayıb. Qonağa Əlyazmalar İnstitutunun tarixi, burada mühafizə olunan altı mindən çox ərəbdilli əlyazma, institutda aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib.

Daha sonra Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova qonağı sərgilənən qədim və nadir əlyazma nümunələri ilə tanış edib, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə söz açıb.

Abdullah İbrahim Dəşti həmçinin ekspozisiya zalındakı Ümummilli lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və böyük mesenat Hacı Zeynalabdin Tağıyevlə bağlı guşələrlə tanış olub.

Sonda küveytli alim institutun xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkilləri çəkdirilib.