AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli şair, yazıçı, tərcüməçi və tarixçi Abbasqulu Ağa Bakıxanovun (1794–1847) 230 illik yubileyinə həsr edilən elmi seminar keçirilib.
İyulun 5-də təşkil olunan seminarda çıxış edən institutun direktoru professor Nadir Məmmədli Azərbaycan elmi tarixində özünəməxsus yer tutan A.Bakıxanovun “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazandığını söyləyib. Qeyd edilib ki, dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri A.Bakıxanovun hərtərəfli bir alim olduğunu göstərir. O, həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb.
Seminarda Toponimika şöbəsinin müdiri dosent Elçin İsmayılov “Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra elmi seminarın sədri professor Sayalı Sadıqova, dosentlər Qüdsiyyə Qəmbərova, Kifayət İmamquliyeva və Qətibə Quliyeva mövzu ətrafında müzakirələr aparıblar.