Müsəlman Şərqində ilk operanın müəllifi olan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyli 1910-cu ildə növbəti irihəcmli əsərini – görkəmli fars-tacik şairi Əbülqasım Firdovsinin (934–1020) “Şahnamə” poemasının motivləri əsasında “Rüstəm və Söhrab” operasını yazır.
“Rüstəm və Söhrab” Firdovsinin “Şahnamə” poemasının ən qəmli dastan-rəvayətidır. Dastanda ata-oğul bir-birini tanımadan döyüş meydanında rastlaşırlar və nəticədə bilmədən ata oğlunu öldürür...
Üzeyir Hacıbəylinin bu dastandan təsirlənərək yaratdığı “Rüstəm və Söhrab” operası həmin dövrdə bir neçə dəfə nümayiş olunub, sonra isə səhnələrdən götürülərək unudulub. Lakin Üzeyir bəy həmişə Firdovsi yaradıcılığına rəğbət bəsləyib.
1934-cü ildə Firdovsinin 1000 illik yubileyi bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda geniş qeyd edilib. Dahi şair-dramaturq Hüseyn Cavid “Şahnamə”nin motivləri əsasında “Səyavuş” mənzum faciəsini yazır. Üzeyir bəy isə bu münasibətlə ikihissəli bir kantata ərsəyə gətirir.
“Firdovsi” kantatası musiqişünaslar tərəfindən maraqla qarşılanır. Yubiley münasibətilə Moskvada təşkil olunan tədbirdə Azərbaycan ziyalıları da iştirak edirlər. Heyət Bakıya qayıdır, onlarla birgə İranın tanınmış musiqişünas-alimi Səid Nəfisi də paytaxtımıza gəlir. O, Üzeyir bəylə görüşür. Onlar bir-biri ilə farsca danışırlar. Səid Nəfisi dahi bəstəkarın bu dildə səlis danışmasından təəccüblənir. Bəstəkardan fars dilini necə öyrəndiyini xəbər alır. Üzeyir bəy gülümsəyir... Çünki o, uşaq ikən mollaxanada fars dilini öyrənmiş, həmçinin gürcü və ərəb dillərini də, az da olsa, mənimsəmişdi. Üzeyir bəy rus dilini isə çox yüksək səviyyədə bilirdi. Bu dilləri bilmək Üzeyir bəyin həm həyatında, həm də yaradıcılığında onun köməyinə çatmışdı. Eyni zamanda yaradıcılığı uğurlarına öz müsbət təsirini göstərmişdi...
“Firdovsi” kantatası yazıldığı dövrdə dəfələrlə ifa olunmuşdu. Lakin sonralar bəstəkarın yeni musiqi əsərləri ortaya çıxdıqca bu kantata daha az ifa edilir və yavaş-yavaş unudulur. Üzeyir Hacıbəylinin Ev-Muzeyində 90 yaşlı bu əsərin bəzi əlyazmaları qorunur.
Selcan Heydərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin böyük elmi işçisi