5-7 iyul tarixlərində Göygöl rayonunda III Milli Yaylaq Festivalı keçirilib. Festival “Cavad xan” Tarix və Mədəniyyət Fondu ilə “Kap.az” – Fərqli Turizm MMC-nin təşkilatçılığı, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Gəncə şəhər, Göygöl rayon icra hakimiyyətləri, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə gerçəkləşib.

Xan yaylağında təşkil olunmuş festivalın açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Göygöl rayonunun icra başçısı Elvin Paşayev və digər rəsmilər qurulan guşələrə baş çəkiblər.

Jurnalistlərə açıqlama verən Fərid Qayıbov tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Bir sıra ölkələr burada öz mədəniyyətini nümayiş etdirir. Ərazidə əla ab-hava var. Festivalda milli adət-ənənələrimiz və müxtəlif idman növləri nümayiş olunur”.

Festivalın ikinci günündə ustad dərsləri, yarış və müsabiqələr, oxatma təlimi, milli güləş, zorxana, kəmər güləşi təlimləri, milli rəqslər, aşıqların deyişməsi, konsert və tamaşalar təqdim olunub.

Üçüncü gün isə möhtəşəm konsert proqramı ilə yadda qalıb.

Festival zamanı Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələr iştirakçıların ixtiyarında olub.

Festival şərti olaraq üç hissədən ibarət olub: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm. Etnoqəsəbənin ərazisində el şənlikləri təqdim olunub. “KOB Fest” sərgi-yarmarkası da təşkil edilib. KOBİA-nın təşkilatçılığı ilə keçirilən yarmarkada KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, milli musiqi alətləri nümunələri və müxtəlif əl işləri maraqla qarşılanıb.

Qeyd edək ki, xaricdən çoxsaylı qonaqların da qatıldığı Milli Yaylaq Festivalı ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda, ikinci dəfə 2022-ci ildə Göygöl rayonunda keçirilib.