Yerlərdə mədəni həyat

 

Qazax rayon MKS-nin Elmar Hüseynov adına Mərkəzi Kitabxanasının oxu zalında “Qalib Azərbaycanın Zəfər yolu” adlı dəyirmi masa keçirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən regionun lider ölkəsinə çevrilib. Ölkənin iqtisadi uğuru hərbi potensialının artmasına təkan verib və Azərbaycanın uzun illər ən ağrılı problemi olan Qarabağ məsələsi öz həllini tapıb.

Tovuz rayon Mərkəzi Kitabxanası Tovuz regional “ASAN Xidmət” mərkəzində “Oxuyaq və oxudaq!” mövzusunda gənc könüllülərlə diskussiya və səyyar kitab xidməti təşkil edib. Könüllülərlə intellektual və sağlam düşüncəli gəncliyin formalaşmasında mütaliənin müsbət rolu haqqında fikir mübadiləsi aparılıb. Həmçinin onların mütaliə marağı dinlənilib və kitabxana fondundakı uyğun ədəbiyyatlar barədə məlumat verilib. Mərkəzin əməkdaşlarına və gənc könüllülərə səyyar kitabxana xidməti göstərilib.

***

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz RGİİ-nin Siyəzən rayonu üzrə sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi ilə birgə “Qeyri-ənənəvi dini baxışların milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda görüş keçirilib.

Çıxışlarda bildirilib ki, cəmiyyətimizin, xüsusilə gənclərin dini radikalizm təhlükəsindən qorunması, radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi vacibdir. Bu sahədə təhsil müəssisələri, gənclər təşkilatları, dini icmaları, bir sözlə, cəmiyyətin hər bir fərdi aktiv fəaliyyət göstərməlidir.

***

Ağdam rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında “Təbiəti sevək və qoruyaq!” adlı tədbir keçirilib. Bildirilib ki, ekoloji problemlərin həlli üçün ətraf mühitin qorunub saxlanılması, yaşıllığın artırılması mühüm şərtdir. Həmçinin qeyd olunub ki, gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə dəyər verilməsi, bu sahədə maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir.

***

Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən “Təbiəti gənc nəslə sevdirək!” adlı plener təşkil olunub. Qalereyanın 15 nəfərədək dərnək üzvü Kür çayının Şirvan və Hacıqabul rayonlarından keçən mühafizə zolağı boyu uzanan meşəlik ərazidə rəsmlər çəkiblər. Plenerin sonunda iştirakçılar “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.

Salyan rayon Heydər Əliyev Mərkəzində “Vətən bizim and yerimiz” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə Kamilqızının “Hərə bir qəhrəman” kitabının təqdimatı keçirilib. Kitabda şəhidlərin şərəfli ömür yoluna həsr olunan publisistik məqalələr, xatirələr və şeirlər yer alıb. Çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərən vətən övladlarının döyüş yolunun öyrənilməsi, xatirəsinin əbədiləşdirilməsi və gənclərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinin əhəmiyyətini vurğulayıblar.

AYB-nin Muğan bölməsi və Salyan rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə AYB-nin üzvü, yazıçı-publisist Qəni Camalzadənin oxucularla görüşü keçirilib. Çıxışlarda yazarın həyat və yaradıcılığı haqqında söhbət açılıb. Qəni Camalzadə göstərilən diqqətə və görüşə görə təşkilatçılara təşəkkür edib, oxucuların suallarını cavablandırıb. Müəllif “Şeytana daş atanlar”, “Karxana” və “Xilaskarın axırıncı savaşı” kitablarını kitabxanaya hədiyyə edib.

***

Lənkəran Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Naxçıvan MR-in yaranmasının 100 illiyinə həsr olunmuş “Ulu Naxçıvanım” adlı tədbir keçirilib. Tədbirdə şair Salman Məmmədoğlu və məktəblilər vətənpərvərlik ruhunda şeirlər  səsləndiriliblər.

Masallı rayon Mərkəzi Kitabxanasında “Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması tarixi ədalətin bərpası idi” mövzusunda tədbir keçirilib. Bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” tarixi fərman Vətən müharibəsinin yekunu olaraq  ərazi bütövlüyümüzün daha bir təzahürü, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların yeni mərhələsidir. Qeyd olunub ki, hazırda respublikamızın qarşısında duran ən vacib məsələ doğma torpaqlarından köçkün düşən insanların öz yurd yerlərinə qayıdışını həyata keçirmək, həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasını təşkil etməkdən ibarətdir.

Astara rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev və müstəqil dövlətçiliyimiz” mövzusunda tədbir təşkil edilib. Heydər Əliyevin respublikaya rəhbərliyə başlamasına (1969) həsr olunan film nümayiş etdirilib.

N.Məmmədli