Azərbaycan komandası Daşkənddə uğur qazanıb

 

Özbəkistanın Daşkənd şəhərində “Beynəlxalq Gənclər Festivalı – 2024” çərçivəsində “Şən və hazırcavabların dostluq kuboku” yarışması keçirilib.

Müsabiqədə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (RF) və Belarusdan gənclər iştirak ediblər. Hər birində 10 nəfər olmaqla 8 komanda səhnədə gənclərin həyatı, problemləri, arzuları və fikirləri barədə musiqinin müşayiətində performanslar təqdim edib.

Azərbaycan komandası özbək dilində çıxış edərək incə yumor hissi ilə iştirakçılar sırasında seçilməyi bacarıb. Komandanın üzvü Tamerlan Umudov “Ən yaxşı aktyor” kimi təşəkkürnamə ilə təltif olunub.

“Şən və hazırcavabların dostluq kuboku” Türk Ölkələrinin Yumor Təşkilatları Assosiasiyasının həyata keçirdiyi layihələrdən biridir. Assosiasiyanın ilk tədbiri 2023-cü ilin dekabrında Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Yaradıcı həftə” çərçivəsində gerçəkləşib.

Assosiasiyanın məqsədi gənc nəslin bu sahədə yaradıcı potensialını üzə çıxarmaq, türkdilli ölkələr və regionları bir platformada birləşdirmək, ortaq məzmun yaratmaq və türk dillərinin inkişafına və tanınmasına töhfə verməkdir.