“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi həyata keçirilir.

Kitabxanadan bildirilib ki, sözügedən layihə çərçivəsində mədəniyyət ocağında “Yaşıl dünya naminə – təmiz ətraf mühit, sağlam gələcək!” adlı metodiki vəsait və virtual kitab sərgisi hazırlanıb.

Kitabxananın rəsmi saytında yerləşdirilən materiallar ətraf mühitin mühafizəsi və “Yaşıl dünya naminə həmrəylik ili” mövzusu ilə əlaqədar ədəbiyyatın kitabxanalarda təbliği məqsədilə tərtib edilib. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Yaşıl dünya həmrəylik ili haqqında” ətraflı məlumat verilib, ölkədə bu sahədə həyata keçirilən tədbirlər haqqında geniş məlumat, eləcə də yaşıl dünya və ətraf mühit ilə əlaqədar kitabxanalarda təşkil olunacaq tədbirlərə dair tövsiyələr, görkəmli şəxslərin ətraf mühitin mühafizəsinə dair dəyərli fikirləri öz əksini tapıb

Virtual kitab sərgisində “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr”, “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”, “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi”, “Bioloji müxtəliflik haqda populyar dildə”, “Şorlaşmış torpaqların meliorasiyası və ətraf mühit”, “Ekologiya və davamlı inkişaf” kimi iyirmidən çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələri yer almaqdadır.

Materiallarla kitabxananın rəsmi saytından tanış olmaq mümkündür.