Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən ötən il keçirilmiş film layihələri müsabiqəsinin qalib işlərinin çəkilişləri həyata keçirilir.
“Nargin” adlı tammetrajlı sənədli film layihəsi də müsabiqədə uğur qazanmışdı. ARKA-nın dəstəyi ilə bu layihənin də çəkilişlərinə başlanılıb.
Rejissor Elməddin Alıyev və Xəyyam Abdullazadənin filmi “Karvan production” tərəfindən istehsal olunur. Filmin ssenarisi X.Abdullazadəyə məxsusdur.
Filmdə hadisələr fotostudiyada başlayır. Fotoqraf Sona xanımın fotosunu çəkməyə hazırlaşır və bu vaxt küçədə səs-küy qalxır. Studiyanın geniş pəncərəsindən küçədəki izdiham görünür. Sona xanım fotonun çəkilməsini gözləmədən yerindən qalxıb küçəyə çıxır. Bunu gözləməyən fotoqraf aparatı işə salır və tüstü ətrafı bürüyür. Kompozisiyada isə boş kətil görünür. Sona xanım həyəcanla limana doğru aparılan türk əsirləri izləyir. Ac-susuz və yaralı əsirlərin halını görən izdihamla, yəni Bakı sakinləri ilə rus əsgərləri arasında gərginlik yaranır...
Filmin süjeti və qəhrəmanları real tarixi hadisələrə və şəxslərə əsaslanır. Birinci Dünya müharibəsi (1914–1918) zamanı Türkiyənin Sarıqamış rayonu ərazisində ruslara əsir düşən 10 min türk hərbçisi Xəzərdəki Nargin adasına yerləşdirilir. Onların bu adadakı faciəvi həyatı azərbaycanlıları narahat edir. Türk əsirləri Nargin adasından sistemli şəkildə qaçıranlardan biri də Sona Hacıyevadır. O, Bakıda yaşayan neft milyonçularından birinin həyat yoldaşı, həmçinin Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin qadınlar bölümünün rəhbəri olub. Sona xanım fədakarlıq göstərərək şəxsi vəsaiti hesabına əsirlərə tibbi ləvazimat və ərzaq yardımı göstərib, yüzlərlə əsirin, əsasən də yüksəkrütbəli zabitlərin xilas edilməsinə nail olub. Ən əsası isə onların adadan qaçırılması əməliyyatlarında şəxsən iştirak edib. Türk əsirləri Nargin düşərgəsindən xilas etdiyi üçün istintaqa cəlb olunub. İstintaq zamanı rus və erməni müstəntiqlər Sona xanımın şəxsi arxivini məhv ediblər...
X.Abdullazadə bildirib ki, çəkilişlər avqust ayında başlayacaq və Bakıda, Nargin adasında və Türkiyədə həyata keçiriləcək. Ekran işi gələn il tamaşaçı auditoriyasına təqdim olunacaq.
Lalə