Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-film” studiyası arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, ARKA tərəfindən 12 tələbə filminin istehsalı üçün 167 000 manat vəsait ayrılıb.
Müqavilə üzrə “İnam” (rejissor Mirzahid Ağayev), “Düşmüş mələk” (Elmar Fərzəli), “Tullantılar dünyası” (Araz Quliyev), “Balıqçı kafesində görüş” (Əhməd Əhmədov), “Fundament” (Mohammad Hossein Alipanahi), “Dəyişə biməyən adam” (Fidan Babayeva), “Çağrılmamış qonaq” (Mirhafiz Həsənov), “Ulduzun hekayəsi” (Rauf Talıbov), “Şirin yuxu” (Şöhlət İbrahimova), “Biçilmiş don” (Xəyal Abbasov), “Mühafiz” (Rüstəm Sadıxov), “Sabah” (Lamiyə Həsənova) adlı bədii və sənədli film layihələrinin istehsalı həyata keçiriləcək.
Qeyd edək ki, bu ilin may ayında azərbaycanlı tələbələr Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri ARKA-nın dəstəyi ilə Qazaxıstanda Fərabi Film Festivalında iştirak edərək mükafata layiq görülmüşdü. ARKA kino təhsili alan azərbaycanlı tələbələrin filmlərinin müxtəlif beynəlxalq festivallarda təmsil olunmasını onlar üçün stimul, məsuliyyət, istedadlarını nümayiş etdirmək üçün bir meydan hesab edir.
Gənclərdən ibarət “Alternativ Kino Akademiyası”nın yaradılması, dünya kino bazarına çıxış imkanlarının araşdırılması, bir sıra ölkələrlə bu sahədə memorandumların imzalanması, milli kinoya müasir dövrə uyğun yanaşma, Azərbaycan kinosunun dünyada, dünya kinosunun ölkəmizdə tanıdılması və təbliği istiqamətində layihələrin hazırlanması və digər məsələlər ARKA-nın fəaliyyətinin əsasını təşkil edir.