Kinorejissor Niyazi Bədəlovun xatirə gecəsi

 

Çox sevdiyim Çingiz Aytmatovun belə bir fikri var: “Bütün hisslərin izahı olmadığı kimi, onları təsvir edəcək sözlər də yoxdur”. Azərbaycan kino tarixində rejissor nəslini gözdən keçirdikdə Niyazi Bədəlovu xatırlayıb köks ötürürəm...

O, görkəmli rus kinorejissoru, bu sahədə məktəb yaradan Sergey Eyzenşteynin emalatxanasında təhsil almış cəmi iki azərbaycanlı tələbədən (digəri Səməd Mərdanovdur) biridir. Üstəlik, rejissor kimi sənədli kino tariximizdə N.Bədəlov adı xüsusi xətlə keçir.

Onun filmoqrafiyasına nəzər salsaq, sənədli kinomuzda bu sahədə ali təhsil alan ilklərdən olduğu bariz görünür. Amma həmin dönəmdə müxtəlif səbəblər, bəlkə də intriqalar (bəziləri kimi) onun da əl-qolunu yığıb. Beləcə, yüksək kino təhsili almış insan ömrünün sonrakı illərində bölgələrdə dram dərnəkləri yaradıb, orada həvəskar aktyorları ətrafına toplayıb. Kinoda başlanan parlaq yol Salyanda Xalq teatrında bitməyə məhkum edilib.

Amma 88 ömür sürən sənətkar sonadək kino ilə yaşayıb, respublikada sənədli kinonun təşəkkülündə müstəsna rol oynayıb.

İyulun 10-da Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Niyazi Bədəlovun (1909–1997) 115 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi də açılmışdı.

Əvvəlcə kinorejissor haqqında videoçarx nümayiş etdirildi.

Niyazi Mustafa oğlu Bədəlov Şəkidə anadan olub. 1927-ci ildə Şəkidəki “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda rejissorluq ixtisası üzrə təhsil alıb (1931–1936). 1936-cı ildən “Azərbaycanfilm”də çalışıb. Bir müddət Bakı Teatr Texnikumunda kino texnikası fənnindən dərs deyib. Müharibə (1941-1945) illərində cəbhə bölgələrində çəkilişlər edib. Moskvadakı kinojurnallar üçün süjet çəkiblər. Rejissor həmçinin Sovet İttifaqının müxtəlif respublikalarında istehsal olunan bədii filmləri Azərbaycan dilinə dublyaj edib. Azərbaycanda həvəskar kino hərəkatının təşkilatçılarından biri olub.

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında Niyazi Bədəlovun böyük xidmətlərindən danışdı, fondun muzeyində ona məxsus nadir rejissor ssenarisinin qorunub saxlanıldığını qeyd etdi.

Bildirdi ki, istedadlı rejissorun fərqli, yenilikçi “sənətkar gözü” olub. Onun xronikalarda, sənədli filmlərdə, kinoportretlərdə belə bədiiliyə, kameranın mümkün imkanları ilə çoxqatlı keçidlərə yer verməsi zəngin zövqünün məhsulu idi.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə N.Bədəlov haqqında xatirələrini bölüşdü, sağlığında ondan atalıq qayğısı gördüyünü bildirdi. Qeyd etdi ki, N.Bədəlov ümumilikdə 40-a qədər sənədli film (“Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və s.), “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib. Azərbaycan kinosunda gənclik mövzusunda çəkilmiş ilk sənədli film olan “Komsomol nəsli” filmi onun müəllif kimi fərdi, maraqlı, zamana müvafiq estetik  cizgiləri ön plana çıxarır. N.Bədəlovun maraqlı ekran işlərindən biri də “Azərbaycan aşıqları” – Aşıqların I Qurultayından bəhs edən sənədli filmdir.

O da diqqətə çatdırıldı ki, İkinci Dünya müharibəsi və ondan sonrakı dövr, müharibə qəhrəmanlarının portretləri rejissorun yaradıcılığında xüsusi yer tutur. O, müharibənin, arxa cəbhənin təsvir həllini özünəməxsus boyalarla əks etdirməyə çalışıb.

Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy sənətkarın öz filmlərinə ürək qoyduğunun hər ekran işində hiss olunduğunu dedi.

Rejissorun ailə üzvləri adından tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fonduna təşəkkürünü bildirdi.

Tədbirin sonunda kinorejissor Niyazi Bədəlovun “Onun adı Serafino idi” və “Estafet” sənədli filmləri nümayiş olundu.

İstər müharibə qəhrəmanları haqqında olan bu iki filmdə, istərsə də digər filmlərində rejissor Azərbaycanın tarixini, xüsusən də xalqımızın İkinci Dünya müharibəsində iştirak etmiş övladlarının igidliyini sənədli kinonun imkanları daxilində bacarıqla tərənnüm edir.

Ümumiyyətlə, onun yaradıcılığında mövzu baxımından rəngarənglik diqqəti cəlb edir. O sanki hər mövzuda unikal bilgi sahibi olduğunu və kino sevgisini izhara tələsir. Məsələn, “Mirzə Fətəli Axundov”, “Məhəmməd Füzuli”, “Xalq şairi Səməd Vurğun”  filmlərində biz həmin şəxsiyyətlərin yaradıcılıq xronikasını deyil, bədii-sənədli filmə xas olan incəlikləri, təsvir həllindəki ustalığı görürük.

Rejissor bu filmlərində az sözlə, yığcam montajla böyük, çoxqatlı fikirlər ifadə etməyə çalışır. Onun xüsusən mədəniyyət və sənət xadimləri ilə bağlı ekran işlərində kütləvi tamaşaçıya hesablanmış zəngin təsvirçilik geniş yer tutur.

***

Əvvəldə də dediyim kimi, Niyazi Bədəlov 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə Salyan özfəaliyyət dram dərnəyi bazasında Xalq teatrı (bir müddət dövlət teatrı statusu olub) yaradıb. Uzun illər burada çalışıb, fürsət düşdükcə də kinoya  qaçıb... və 1997-ci ildə vəfat edib.

Beləcə, bir kino  sevdalı ömür bitib. Başqalarını kinoyaddaşa köçürən Niyazi müəllimin özünün xronikası yoxdur. Bircə 90-cı illər kinosu, onun vəziyyəti ilə bağlı son müsahibəsində dediyi fikirlərdən başqa...

Həmidə Nizamiqızı