Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) bu ilin may ayında postprodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi məqsədilə müsabiqə elan etmişdi.

Məqsəd ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsidir.

Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə ilə bağlı müraciət edilib. Bədii şura tərəfindən dəyərləndirmə aparıldıqdan sonra 6 layihəyə dövlət dəstəyi verilməsi ilə bağlı qərar qəbul olunub:

 

1. “Yaddaş sarayları” qısametrajlı sənədli filmi, rejissor Mətləb Muxtarov (“Rental Azərbaycan” MMC);

2. “Geri dönüş” tammetrajlı sənədli filmi, rejissor Elməddin Alıyev (“Karvan Production” MMC);

3. “Səssiz zaman” tammetrajlı bədii filmi, rejissor Tahir Tahiroviç (“Nova Gorica Kino Mərkəzi” MMC);

4. “Qara pişik, ağ şanı” tammetrajlı sənədli filmi, rejissor Ələmdar Faiq (“Chinar Film” MMC);

5. “Tərsinə kölgələr” qısametrajlı bədii filmi, rejissor Hacı Səfərov (“Chinar Film” MMC);

6. “Sən haralısan, durna?” tammetrajlı bədii-sənədli filmi, rejissor İlkin Yusif (“Bumeranqfilm” MMC).

 

Qeyd edək ki, ölkəmizdə ilk dəfə postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilib. ARKA film layihələrinə dəstək məqsədilə bundan sonra da müsabiqələr təşkil edəcək.