Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, aktyor və döyüş səhnələrinin rejissoru, Beynəlxalq Nomad Stunts “Peşəkar Kaskadyorlar" qrupunun ölkəmizdəki nümayəndəsi Sain Fərhad Fərmanlı Çində təlim keçib. O, təlimi dünya şöhrətli kunq-fu ustası, aktyor, rejissor Ceki Çanın rəhbərlik etdiyi mərkəzdə – “Jackie Chan Stunt Team Action Film Training Center”də aparıb.
Bu barədə məlumat verən aktyor bildirib ki, bir müddət əvvəl o, Ceki Çanla görüşüb, ona fəaliyyəti barədə danışıb və videolarını göndərib. Daha sonra Ceki Çanın rəhbərlik etdiyi mərkəzdə döyüş filmləri üçün kaskadyorlar qrupunda xüsusi təlim keçib: “Orada bizi çox səmimi qarşıladılar, mərkəzə ekskursiya etdik. Mərkəzə yalnız Ceki Çanın komandasının nümayəndələri və onun dəvət etdiyi şəxslər gələ bilər. Mənim duyğularımı və təəssüratımı sözlərlə ifadə etmək mümkün deyil. Orada döyüş sənətinin və rejissorluğun incəliklərini öyrədirdilər. Təlim başa çatdıqdan sonra mənə mərkəz tərəfindən sertifikat təqdim olundu”.
Sain Fərhad Fərmanlı yeni biliklərini komandası ilə bölüşmək niyyətindədir. Həmçinin istəyir ki, təcrübəsini Azərbaycan filmlərində çəkilişi zamanı tətbiq etsinlər.
Qeyd edək ki, S.F.Fərmanlı hazırda prodüser Emil Qasımovla birlikdə “Qaytan” adlı tammetrajlı döyüş-dram filmi üzərində işləyir.
Onu da bildirək ki, aktyor bir sıra Hollivud filmlərində və digər xarici ekran əsərlərində rol alıb. 2017-ci ildə Kaliforniyada “Kaskadyorlar akademiyası” tərəfindən təşkil edilən “Hollywood Advanced Stunt” kursunu fərqlənmə diplomu ilə başa vurub.