Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi ilə iyulun 10-da “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.
Tədbirdə rəsmilər, Qarabağ Dirçəliş Fonduna ianə ilə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev tədbirin məqsədi barədə məlumat verib. Bildirib ki, artıq üçüncü dəfə keçirilən xeyriyyə konserti Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfədir: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Bugünkü konsert də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir”.
Çıxışlardan sonra səhnə ifaçılara verilib. Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı, pianoçu, Əməkdar artist Emil Əfrasiyab, digər ifaçılar qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
Konsertdən sonra isə rəsmi ziyafət olub. Konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək Qarabağ Dirçəliş Fonduna dəstək olan donor və tərəfdaşlara, o cümlədən Mədəniyyət Nazirliyinə xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.
Qeyd edək ki, konsertdən əldə edilən vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.
“Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində keçirilib.