Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin sədri Zorlu Töre Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xalqlarının yaxınlaşması üçün vahid əlifbanın qəbul edilməsinin zəruriliyini bəyan edib.
Spiker bu təklifi paytaxt Lefkoşada Türkiyənin Kastamonu Universitetinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.
O xatırladıb ki, ŞKTC və Türkiyəni digərləri ilə yanaşı dil və əlifba birləşdirir. “Ümid edirəm ki, tezliklə bu cür körpüləri biz digər türk dövlətləri ilə də quracağıq”, – deyə Z.Töre bildirib.
Parlamentin spikeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasında konsolidasiya və birlik haqqında bəyanatlarını ümidverici adlandırıb.
“Türk dövlətlərinin bir hissəsi artıq ŞKTC-də istifadə edilən əlifbaya keçib. Bu ölkələrimizi birləşdirən vacib amildir. Bu istiqamətdəki səylər həm də ictimai təşkilatlar səviyyəsində sürətləndirilməlidir”, – deyə o əlavə edib.