Türkiyədə “Millətin Zəfəri” şüarı altında yad edilən 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı “15 Temmuz xatirə” muzey-kompleksini ziyarət edib.

Prezident Rəcəb Tayyib Ərdoğan abidə kompleksində çıxışı zamanı deyib: “Bu millət istiqlalına toxunan, iradəsinə qandal vurmağa çalışan hər oyunu hər zaman pozduğu kimi, bundan sonra da pozacaq. Biz 15 iyul hadisələrinə daim sahib çıxacaq, buna “oyun” deyənləri əsla unutmayacaq, bağışlamayacağıq”.

İstanbuldan sonra Prezident Ərdoğan Ankaraya gedib, Türkiyə Böyük Millət Məclisindəki xatirə kompleksini ziyarət edib. Həmçinin Prezident İqamətgahında keçirilən anım mərasimində xalqa səslənib.

Türkiyədə xalq-dövlət birliyi sayəsində qarşısı alınan hərbi çevriliş cəhdinin (2016) 8-ci ildönümü – Demokratiya və Milli Birlik Günü ölkə daxilində və onun hüdudlarından kənarda müxtəlif tədbirlərlə qeyd edilir. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən tarixi günlə əlaqədar təşkil olunan tədbirləri izləmək məqsədilə “15 İyul layihə izləmə sistemi” də yaradılıb.