İyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı tərəfdarları qarşısında çıxış edən ABŞ-nin keçmiş prezidenti Donald Trampa edilən sui-qəsd cəhdi hələ uzun müddət dünya mediasının əsas gündəm mövzularından biri olacaq.
Xatırladaq ki, 20 yaşlı Metyu Kruks tərəfindən nişangahlı avtomatdan açılan atəş nəticəsində Tramp qulağından xəsarət alıb, bir mitinq iştirakçısı ölüb, daha ikisi isə ağır yaralanıb. Metyu Kruks da dərhal hadisə yerində öldürülüb.
Bu hadisənin Birləşmiş Ştatlarda noyabrda keçiriləcək prezident seçkilərinə necə möhür vuracağını isə artıq indidən təxmin etmək olar.
Qeyd edək ki, iyulun 15-də Respublikaçılar Partiyasının konqresi Donald Trampı rəsmən prezidentliyə namizəd göstərib.
ABŞ siyası tarixinə nəzər salsaq, görərik ki, bu ölkədə indiyədək prezidentlərə, prezidentliyə namizədlərə, senator və konqresmenlərə, başqa tanınmış siyasi xadimlərə qarşı onlarla sui-qəsd olub. Ölkənin qanunvericiliyi az qala həddi-buluğa çatmış hər kəsə silah almağa (gəzdirməyə) icazə verirsə, 330 milyonluq ölkədə əllərdə 400 milyona yaxın belə (sənədli-icazəli) silah varsa, günün (saatın) birində o silahdan atəş açılmayacağına kim zəmanət verər?
Əslində, ABŞ Vətəndaş müharibəsindən (1861–1865) bu yana, necə deyərlər, silahla yatıb-qalxan əhalisi olan bir ölkədir. Elə dövlət başçısına ilk ölümcül sui-qəsd də həmin müharibənin sonuncu ilində olub...
15 aprel 1865-ci il – Birləşmiş Ştatların 16-cı prezidenti Abraham Linkoln Vaşinqtonda öldürülüb. Qatil aktyor Con Uilks But olub. Linkoln həyat yoldaşı ilə tamaşaya baxarkən But lojaya daxil olaraq prezidenti arxadan başından güllə ilə vurub. Qatil qaçmağa müvəffəq olsa da, 12 gün sonra tutularaq öldürülüb. Qeyd edək ki, ABŞ-də Vətəndaş müharibəsinin səbəblərindən biri quldarlıq sistemi (Şimal ştatları quldarlığın ləğvini, Cənub ştatları isə saxlamağı zəruri sayırdı) idi. Prezident Linkoln qullara azadlıq verilməsi haqqında bəyannamə imzalamaqla Cənub ştatlarının hədəfinə gəlmişdi.
2 iyul 1881-ci il – ABŞ-nin 20-ci prezident Ceyms Qarfieldə sui-qəsd olub. Vaşinqtonda, Baltimor dəmir yolu stansiyasında vəkil Çarlz Gito prezidentə iki dəfə atəş açıb. Qarfieldin həyati vacib orqanları zərər görməsə də, cərrahiyə əməliyyatı uğursuz olub və o, sentyabrın 19-da vəfat edib.
6 sentyabr 1901-ci il – 25-ci prezident Vilyam Mak-Kinli Buffaloda Panamerikan Sərgisində anarxist Leon Frank Çolqoş tərəfindən vurulub. Qatil ona təxminən bir metrədək yaxınlaşaraq iki dəfə atəş etmişdi. İlk güllə Mak-Kinlinin smokinqinin düyməsindən sıçrasa da, ikincisi ölümcül olmuşdu.
Qeyd edək ki, bu hadisədən sonra ABŞ-də dövlət başçısının mühafizəsi ilə bağlı qaydalar xeyli sərtləşdirilib və hər yoldan ötənin birinci şəxsin həndəvərinə gəlib çıxmasına imkan verilməyib. Nəticədə bir müddət prezidentlər arxayın həyat sürə biliblər.
Bununla belə, 14 oktyabr 1912-ci ildə üçüncü müddətə seçilmək istəyən Teodor Ruzveltə (1901–1909 illərdə Prezident olmuşdu), 15 fevral 1933-cü ildə isə onun soyaddaşı – Prezident Franklin Ruzveltə qarşı sui-qəsd olmuşdu. Birinci Ruzveltin həyatını həkimlər xilas etmişdilər, ikinci Ruzveltə isə güllə dəyməmiş, yanında olan Çikaqo meri ölmüşdü.
22 noyabr 1963-cü il – ABŞ-nin 35-ci prezidenti Con Fitscerald Kennedinin öldürülməsi bütün dünyada böyük rezonans doğurub. Həyat yoldaşı Jaklin Kennedi ilə Dallasda (Texas) səfərdə olan Prezident kortejlə şəhər küçələrindən keçərkən snayper tüfəngindən iki güllə ilə vurulmuşdu. Prezidenti qətlə yetirən ABŞ dəniz piyadası Li Osvald özü də iki gün sonra həbsxanaya aparılarkən Kennedinin pərəstişkarı Cek Rubi tərəfindən öldürüldü. Kennediyə qəsdin müəmması indiyədək qalmaqdadır.
Bu hadisədən beş il sonra – 5 iyul 1968-ci ildə C.Kennedinin kiçik qardaşı, senator və prezidentliyə namizəd Robert Kennedi Demokrat Partiyasının Kaliforniya praymerizində qalib gəldikdən sonra Los-Ancelesdəki “Ambassador” hotelində əslən fələstinli Sirhan Sirhan tərəfindən güllələnib. O, Kennedinin İsraili dəstəkləməsindən narazı imiş. Kennedi ertəsi gün xəstəxanada ölüb.
ABŞ-nin yeni tarixindəki geniş rezonanslı sui-qəsd cəhdlərindən biri də 30 mart 1981-ci ildə 40-cı Prezident Ronald Reyqanın vurulmasıdır. Reyqan Vaşinqtondakı “Hilton” hotelindəki mərasimdən çıxıb avtomobilə əyləşmək istəyərkən 25 yaşlı Con Hinkli ona atəş açmış, güllələrdən biri limuzinə dəyib sıçradıqdan sonra prezidentin döş qəfəsinə girmiş, xoşbəxtikdən ürəyindən 2 sm yan keçmişdi...
...Bu dəfə isə Donald Trampı hədəf alanın gülləsi onun sağ qulağını sıyırıb keçib. Allah saxlayanda saxlayır. Trampın da, necə deyərlər, bir tikə çörəyi afsanata düşüb ki, belə ucuz qurtulub...
Vüqar Orxan