Olaylar, faktlar (17 – 19 iyul)
571 il əvvəl...
17 iyul 1453-cü ildə Avropa tarixində ən uzun savaş – Fransa ilə İngiltərə arasındakı “Yüzillik müharibə” (1337–1453, fasilələrlə) başa çatıb. Bordo yaxınlığındakı son döyüşdə Fransa qüvvələri ingilis qoşunlarını məğlub edib. Müharibənin yekunlarına dair formal sülh razılaşması imzalanmadı. Bununla belə, İngiltərə Fransada ələ keçirdiyi əraziləri itirdi.
198 il əvvəl...
19 iyul 1826-cı ildə İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826–1828) başlanıb. İran Rusiya ilə 1804–1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828), ruslar İranın nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirdilər. Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırıldı.
154 il əvvəl...
19 iyul 1870-ci ildə Fransa və Prussiya arasında müharibə başlayıb. 1871-ci ildə müharibədən Otto Bismarkın rəhbərlik etdiyi almanlar qalib çıxdılar. Fransa Elzas və Lotringiya bölgələrini itirdi. Fransanın üzərinə ağır təzminat qoyuldu, ordusu tərk-silah edildi. 1918-ci ildə, I Dünya müharibəsinin yekununda eyni aqibət Almaniyanı gözləyirdi.
116 il əvvəl...
18 iyul 1908-ci ildə Səttarxanın başçılıq etdiyi inqilab (Məşrutə inqilabı) Təbrizdə qələbə çalıb. Təbriz İran inqilabının (1905-1911) mərkəzinə çevrilib. 1909-cu ildə Cənubi Azərbaycanda yerli hakimiyyət orqanları qurulmağa başlandı. 1910-cu ilin martında Səttərxanın fədailəri Tehrana yürüşə başladılar, lakin İran monarxiyasının çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut etdi.
79 il əvvəl...
17 iyul 1945-ci ildə Berlin yaxınlığındakı Potsdam şəhərində faşist Almaniyası üzərində qələbənin və II Dünya müharibəsinin nəticələrinə dair beynəlxalq konfrans işə başlayıb. Potsdam konfransında üç qalib dövlətin – SSRİ, ABŞ və Britaniyanın liderləri İosif Stalin, Harri Trumen və Vinston Çörçill iştirak edirdi. Konfransda Almaniyanın sektorlara bölüşdürülməsi razılaşdırıldı.
75 il əvvəl...
19 iyul 1949-cu ildə Fransanın Cənub-Şərqi Asiyadakı müstəmləkəsi olan Laos müstəqilliyini elan edib. Laos II Dünya müharibəsindən sonra, 1945-ci ilin oktyabrında müstəqilliyini bəyan etsə də, yenidən fransızlar tərəfindən işğal edilmişdi. Fransa keçmiş müstəmləkəsini müstəqil dövlət olaraq yalnız 1953-cü ildə tanıdı.
51 il əvvəl...
17 iyul 1973-cü ildə Əfqanıstanda monarxiya devrilib, Məhəmməd Zahir şah taxt-tacdan əl çəkib və mühacirətə (İtaliyaya) gedib. Sonrakı illərdə Əfqanıstanda fərqi təmayüllü siyasi rejimlər (o cümlədən 10 ildən artıq SSRİ-nin yönəltdiyi rejim) bir-birini əvəz etsə də, ölkədə sabitlik indiyədək bərqərar olmayıb.
Hazırladı: V.Orxan