Balakən rayon Mədəniyyət Mərkəzində ölkəmizdə yaşayan xalqların məişət və mədəniyyəti, adət-ənənələrinə həsr edilmiş “Etnik rəngarənglik” adlı tədbir keçirilib. Tədbirdə “Fidanlar” rəqs qrupu, “Cahan” avar xalq kollektivi, “Buta” folklor kollektivi, “Ebel” avar folklor kollektivi, “Şəlalə” ingiloy rəqs qrupları çıxış ediblər.

***

Neftçala rayon Mərkəzi Kitabxanası Qaraqaşlı kənd kitabxana filialında “Qəhrəman qazilərimizi və veteranlarımızı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində növbəti görüş təşkil edib.

Vətən müharibəsi iştirakçıları Tural Əhmədov, Valeh Hüseynov, Sübhan Fərəcov və Coşqun Quliyev çıxış edərək döyüş xatirələrini bölüşüblər. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı düşmən üzərində parlaq Zəfər qazanaraq tarixi ədaləti bərpa edib.

***

Qazax rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyəti və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı sevək və qoruyaq!” adlı tədbir keçirilib. Tədbir çərçivəsində müəssisələrin həyətyanı sahələrində təmizlik və abadlıq işləri aparılıb.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin  Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən Vətən müharibəsi şəhidi Mehdi Murtuzovun doğum günü münasibətilə “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib. Çıxışlarda qəhrəman şəhidin həyatı və döyüş yolu haqqında söhbət açılıb. Sonda fəal oxucular şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

***

Masallı Tarix-Diyarşünaslıq Muzeyində rayon Heydər Əliyev Mərkəzi və digər qurumların birgə təşkilatçılığı ilə 2020-ci ilin Tovuz döyüşlərinin ildönümünə həsr olunan “Qalib Ordunun əfsanəvi general və əsgərləri” adlı tədbir keçirilib. Tədbir iştirakçıları Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr edilən “Poladın 7 anı” sənədli filmini izləyiblər.

N.Məmmədli