“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”dən irəli gələrək Çin vətəndaşları 20 iyul 2024-cü il tarixindən 20 iyul 2025-ci il tarixinədək olan 1 il ərzində 3 dəfə Azərbaycana vizasız qaydada səfər edə və hər səfərində 30 günədək ölkədə qala bilərlər.

Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Çin vətəndaşları Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olduqda Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Müvafiq dövr ərzində 3 dəfədən çox Azərbaycana səyahət etmək və ya ölkədə 30 gündən artıq müddətə qalmaq istəyən Çin vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada viza əldə edə bilərlər.

Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” 3 iyul 2024-cü il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə qəbul olunub. Bəyannamədə iki ölkə münasibətlərinin geniş spektri əhatə olunub. O cümlədən tərəflərin qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəldiyi, həmçinin mədəniyyət mərkəzlərinin təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqları bildirilir.

Bəyannamədə Çin Azərbaycanın bu ölkədə keçirilən turizm sərgilərində iştirakını, habelə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır. Qeyd olunur ki, tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.