Xalq artisti Həsən Seyidbəylinin lentə aldığı “O qızı tapın” (1970) bədii filminin çəkiliş prosesindən nadir foto təqdim olunub.

Telejurnalist Həmid Məcidovun ailə arxivindən əldə etdiyi fotoda görkəmli yazıçı, kinodramaturq, rejissor Həsən Seyidbəyli, filmin texniki heyəti və çəkilişin ərsəyə gəlməsində iştirak edən sakinlər yer alıblar.

Foto ilə bağlı məlumat verən jurnalist deyib: “Əksəriyyətiniz 1970-ci ildə istehsalı olan “O qızı tapın” filminə (çəkilişlər 1969-cu ilin yayında olub) baxmısınız. Bu ekran işinin bir sıra fraqmentləri Nardaran kəndinin dənizin sahilində yerləşən Səfxanı məhəlləsində, rəhmətlik Qüdrətəli babamın həyətində lentə alınıb. Bu foto da o vaxt çəkilib. Mərkəzdə qayanın üstündə oturan babam Qüdrətəli kişidir, sağında filminin rejissoru, əslən nardaranlı Həsən Seyidbəylidir. Fotonun 45 yaşı var. “O qızı tapın” filminin Nardaranın Səfxanı məhəlləsində çəkilən fraqmentləri o qədər uğurlu alınıb ki, sonradan “Azərbaycanfilm” kinostudiyası həmin ərazidə və ondan bir qədər aralıda film çəkilişləri üçün pavilyon xarakterli iki xudmani ev də tikib. Kinostudiyanın tikdirdiyi bu evlərdə sonradan ayrı-ayrı rejissorlar tərəfindən “Bayquş gələndə”, “Yapon və yaponiyalı” və digər filmlər çəkilib. Heyf ki, indi onların yalnız qalıqları görünür”.

Əlavə edək ki, Nardaranın adıçəkilən ərazisində “Azərbaycanfilm” tərəfindən 10-dan artıq filmin fraqmentləri lentə alınıb.

Lalə Azəri