Olaylar, faktlar (20 – 23 iyul)

 

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. 22 iyul 1875-ci ildə Azərbaycan milli mətbuatının müjdəçisi – Həsən bəy Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb.

 

622 il əvvəl...

 

20 iyul 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurun qoşunları ilə Sultan İldırım Bəyazidin başçılıq etdiyi Osmanlı ordusu arasında döyüş olub. İki türk sərkərdəsinin üz-üzə gəldiyi döyüşdə Teymur qələbə qazanıb, Bəyazid əsir götürülüb. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra qurduğu dövlət süquta doğru getdi, Osmanlı dövləti isə güclənməyə başladı.

 

250 il əvvəl...

 

21 iyul 1774-cü ildə Rusiya ilə Osmanlı arasında 1768-ci ildən davam edən müharibə Kiçik Qaynarca sülhü ilə başa çatıb. Osmanlı Krım xanlığının müstəqilliyini, Azov dənizinin, Moldaviya və Valaxiyanın (indiki Rumıniya ərazisi) Rusiyanın nəzarətinə keçməsini tanımalı oldu.

 

193 il əvvəl...

 

21 iyul 1831-ci ildə Belçika Niderland Krallığından ayrılaraq müstəqilliyini elan edib. XVI  əsrdə İspaniyanın nəzarətinə düşən Belçika torpaqları 1714-cü ildə Avstriya tərəfindən işğal olunmuş, 1815-ci ildə isə Niderlandın nəzarətinə keçmişdi.

 

96 il əvvəl...

 

21 iyul 1928-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti “Yeni türk əlifbasının icbari və qəti olaraq tətbiq olunması” haqqında qərar qəbul edib. 1929-cu il yanvarın 1-dən Azərbaycan SSR-də latın qrafikalı əlifbaya keçid başlandı.

 

50 il əvvəl...

 

20 iyul 1974-cü ildə Kiprin yunan rəhbərliyinin adanın şimalında yaşayan türklərə qarşı başlatdığı deportasiya və enozis (Yunanıstana birləşdirmə) siyasətinə cavab olaraq Türkiyə adaya hərbi kontingent yeridib. Üç əsr Osmanlının tərkibində olan Kipr Balkan müharibəsindən (1878) sonra Britaniyanın nəzarətinə keçmişdi. 1960-cı ildə Kipr müstəqilliyini elan etsə də, yunan və türk icması arasında münaqişə adanı faktiki iki yerə bölmüşdü. Türkiyə ordusunun 20 iyul hərəkatı Kipr türklərinin xilası oldu. 1975-ci ildə Kipr Türk Federal Dövləti quruldu, 1983-cü ildə dövlətin adı dəyişdirilərək Şimali Kipr Türk Cümhuriyyəti oldu. 20 iyul ŞKTC-də Barış və Özgürlük Bayramı kimi qeyd olunur.

 

31 il əvvəl...

 

23 iyul 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini, rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edib. Sonrakı günlərdə erməni qüvvələri rayonun üçdə ikisini işğal etdi. 27 ildən artıq işğal dövründə yerlə yeksan edilən Ağdam şəhəri və rayonun düşmən əlindəki kəndləri 44 günlük Vətən müharibənin nəticəsi olaraq,  2020-ci il noyabrın 20-də azad edildi.

 

23 il əvvəl...

 

22 iyul 2001-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Hazırladı: V.Orxan