Azərbaycan

 

20 iyul 1903 – Əməkdar incəsənət xadimi Bəxşi Həsən oğlu Qələndərli (1903 – 14.9.1985) Xankəndidə doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında baş rejissor, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında rejissor işləyib.

20 iyul 1933 – Əməkdar rəssam Məmmədəli Namazəli oğlu İsmayılov (1933 – 21.8.2010) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam işləyib.

20 iyul 1936 – Tarixçi, arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Hüseyn oğlu Əliyev (1936–2020) Şəki rayonunun Daşbulaq kəndində anadan olub.

20 iyul 1946 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Ağahüseyn oğlu Dadaşov (1946–2017) Bakıda anadan olub. Bir sıra filmlərin (“Yol əhvalatı”, “Qətl günü” və s.) ikinci rejissoru olub, sənədli filmlər çəkib.

20 iyul 1948 – Xalq artisti, aktyor, rejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (1948 – 9.6.2021) Bakıda anadan olub. Filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb, “Pirverdinin xoruzu”, “Bəxt üzüyü”, “Yalan” bədii filmlərinə quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

20 iyul 2001 – Prezident Heydər Əliyev məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

20 iyul 2021 – Əməkdar mədəniyyət işçisi, teatr və kino xadimi Zemfira Baba qızı Babayeva (17.11.1954 – 2021) vəfat edib.

 

21 iyul 1950 – Xalq artisti Məmmədbağır Bağırzadə (1950 – 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.

21 iyul 1964 – Əməkdar mədəniyyət işçisi Nairə Hafiz qızı Sadıxova (1964 – 4.9.2021) Bakıda doğulub. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini olub.

21 iyul 1981 – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi şair, dramaturq Hüseyn Cavidin 100 illiyi haqqında qərar qəbul edib. Qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, ədibin adının əbədiləşdirilməsi ilə bağlı digər tədbirlər nəzərdə tutulmuşdu.

 

22 iyul 1884 – Filosof və tarixçi, Azərbaycan Elmlər Akademiyasının akademiki Aleksandr Osipoviç Makovelski (1884-1969) anadan olub. 1920–1960-cı illərdə Bakı Dövlət Universitetində dərs deyib, akademiyanın Fəlsəfə İnstitutunun direktoru olub.

22 iyul 1941 – Xalq artisti, diktor Yusif Mehdi oğlu Muxtarov (1941 – 25.4.2010) Sabirabad rayonunun Kürkəndi kəndində doğulub. Filmlərdə, teletamaşalarda çəkilib, dublyajda iştirak edib.

22 iyul 1949 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Akademik Dram Teatrı “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib. Azərbaycan milli teatrının 75 illik yubileyi münasibətilə həmçinin S.Ruhulla, M.A.Əliyev, M.Davudova SSRİ Xalq artisti adına layiq görülüblər.

22 iyul 1949 – Xalq artisti Yuri Nikolayeviç Baliyev (1949–2018) anadan olub. Akademik Rus Dram Teatrının aktyoru olub, filmlərə (“Ovsunçu”, “Hökmdarın taleyi” və s.) çəkilib.

22 iyul 1959 – Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959–2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub.

 

23 iyul 1883 – Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 – 8.5.1912) anadan olub.

23 iyul 1916 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.

23 iyul 1927 – Əməkdar rəssam Hafiz Əliabbas oğlu Zeynalov (1927 – 2.5.1996) Bakıda anadan olub. Tarixi mövzulu kompozisiyalar, tanınmış şairlərin portret-obrazları, məişət janrlı tablolar və natürmortların müəllifidir.

23 iyul 2011 – Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942-2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam və xalq mahnılarının mahir ifaçısı olub.

 

Dünya

 

20 iyul 1304 – İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304–1374) anadan olub.

20 iyul 1864 – İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931) Erik Karlfeldt (Erik Axel Karlfeldt; 1864–1931) anadan olub.

20 iyul 1895 – Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895–1946) anadan olub.

20 iyul 1924 – Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924–2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı, “Karnaval” və s.

 

21 iyul 1893 – Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893–1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.

21 iyul 1899 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 – 2.7.1961) anadan olub. Əsərləri: “Kişisiz qadınlar”, “Əlvida, silah”, “Əcəl zəngi kimin üçün çalınır” (romanlar), “Qoca və dəniz” (povest) və s.

21 iyul 1910 – Rus rəssamı, tarixi mövzuda monumental əsərlər müəllifi Vladimir Serov (1910–1968) anadan olub. SSRİ Rəssamlar İttifaqına rəhbərlik edib.

21 iyul 1933 – Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933–1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.

 

22 iyul 1889 – Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Veyl (James Whale; 1889–1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.

22 iyul 1926 – Rus yazıçısı Sergey Baruzdin (1926–1991) anadan olub. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.

22 iyul 1934 – Amerika aktrisası Luiza Fletçer (Louise Fletcher; 1934 – 23.9.2022) anadan olub. “Oskar” mükafatçısıdır (1975, “Qu quşu yuvası üzərindən uçuş”, tibb bacısı).

 

23 iyul 1884 – Alman aktyoru, “Oskar” mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (1884–1950) anadan olub.

23 iyul 1888 – Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888–1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.

Hazırladı: V.Orxan