Tələb varsa, təklif var. Bu, iqtisadi, sosial, dərindən baxsaq, bəlkə də həyatın bütün müstəvilərində münasibətləri nizamlayan yazılmamış qanundur. Sənətə gəlincə… Bu sahə də istisna deyil. Əgər konkret teatrdan danışırıqsa, tamaşaçının tələbatını tutan teatrın tamaşaçısı olacaq.

Heç uzağa getməyək, hərçənd bəhs edəcəyimiz teatrın səhnə əsərlərinə baxmaq üçün, sözün gerçək mənasında, bir uzağa getmək lazım gəlir. Amma arada bir tələbatı nəzərə alıb tamaşalarını paytaxtın aparıcı teatrlarının səhnəsində də oynayırlar. Söhbət Bakı Uşaq və Gənclər Teatrından gedir. Daha doğrusu, kollektivin yekunlaşan mövsümdə son tamaşasından. Bu dəfə teatr “+13” tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, özü də tamaşadan öncə səhnədən bəyan edildiyi kimi icarə haqqı ödənilmədən oynadı. Əlbəttə, bir teatr ki, digər teatra təmənnasız yardım təklif edirsə, bundan gözəl nə ola bilər...

O ki qaldı tamaşaya, məlumat üçün deyək ki, indiyədək bir neçə pyesi dünyanı gəzən fransız yazarı, rejissoru Raffi Şartın “Arvadımın adı Morisdir” pyesini Azərbaycan dilində ilk dəfə məhz bu teatrda səhnələşdirib. Özü də diqqəti çəkəcək “Arvadım olun” ismi ilə. Yeri gəlmişkən, bu, tamaşaçını cəlb etmək üçün uğurlu bir addır. Axı fransızlar ailə, kişi-qadın münasibətlərində nə qədər praqmatik olsalar da, belə birbaşa təklif diqqəti cəlb edir. Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallı, tərcümə edəni Məlahət Əhməd, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.

Bir qədər baxmaq kifayətdir ki, tamaşanın heç də evlilik təklifi yox, sevgilisi Katrin ilə qanuni arvadı Maronun qarşılaşmasını ertələmək istəyən Jorj Odfeyin xeyriyyə təşkilatında çalışan Moris Lyarrenə çarəsizlikdən etdiyi təklif olduğunu anlayasan. Jorj varlı ailədən çıxmış arvadının kölgəsində yaşayaraq, iş görmək, böyük pullar  qazanmaq arzularını gerçəklik kimi qələmə verən boşboğazdır. Aktyor Mehman Piriyevin ifasındakı Jorj bizə əski fransız, italyan komik filmlərindən tanıdığımız tipajları xatırladır. İnsafən, aktyor çox yaxşı ümumiləşmiş obraz yarada bilib. Hətta o, arvadının dolaba sığışmayan paltarlarından əyninə keçirib guya Moris – Maronun bacısı kimi səhnəyə çıxdığı zaman da inandırıcıdır və daha çox gülüş doğurmaq naminə əndazəni aşmır.

Tamaşanın ikinci ağırlıq mərkəzi “Qardaşlıq köməyi” xeyriyyə təşkilatının əməkdaşı Moris Lyappendir ki, biz bu rolda Azərbaycan teleseyrçisinin yaxşı tanıdığı aktyor Niyaz Qasımovu gördük. Moris imkanlı insanların artıq işlətmədiyi əşyaları, geyinmədiyi libasları imkansızlara bağışlamaqdan, çarəsizlərin həyatına az da olsa sevinc qatmaqdan zövq alır. Elə onun Odfeylərin mənzilinə gəlişinin də səbəbi madam Maronun geyinmədiyi paltarları aparmaqdır. Amma Jorj bura gələrək Maron (Könül Şahbazova-Qasımova) ilə haqq-hesab çəkmək istəyinin çox pis qurtaracağına inandırır və ona bu köməyin qarşılığında pul təklif edir. Moris də… “Qardaşlıq köməyi” təşkilatının üzvü kimi Maron qiyafəsində Katrinlə (Gülər Ləzgiyeva) görüşməyə razılaşır. Qadın qiyafəsinə girərək oyunbazlıq etmək “Qardaşlıq köməyi” təşkilatının təklif etdiyi xidmətlər paketinə daxıl olmasa da, vicdanlı vətəndaş Lyappen bu pulu imkansızlara xərcləmək niyyətindədir. 

Elə əsl həngamə də bundan sonra başlayır. Katrin yalançı, söz verdiyi kimi arvadını boşayıb onunla evlənməyən Jorjdan onun arvadına şikayətçidir. Söz savaşı, isterika savaşa keçir və… Katrin bayılır.

Bu məqamda Maronun mənzilini almaq istəyən Madam və Müsyö Truaballar (İlhamə Əhmədova və Rauf Hüseynov) təşrif buyururlar. Yalançı madam Maronun öz mənzilinə yaxşı bələd olmaması onları çaşdırsa da, Katrinin əri (bəli, “Maronu boşa, məni al” deyən Katrin də nikahlı imiş!) Rojenin (Sənan Fərzəliyev) gəlişi ilə aləm bir-birinə dəyir. Müsyö Truabalı Jorj zənn edən Roje onu döyür. 

Əslində, bu səhnə əsərində çıxış edən 7 aktyorun heç biri ustalıq və səhnə performansı baxımından o qədər də fərqlənmədi. Birhissəli komediya elə bir nəfəsə oynanıldı. Bununla belə, deməliyik ki, Mehman Piriyev ilə Niyaz Qasımov tamaşanın qoşa ulduzu oldular.

Bəs sonluq necə oldu?   

Truabal cütlüyü mənzili almaq niyyətindən daşındı. Katrin ilə Roje barışdı. Moris çıxıb getdi məhəllədəki digər mənzillərə baş çəkib “Qardaşlıq köməyi” təşkilatının xoşməramlı niyyətlərindən danışmağa.

Maron? Hadisələrin sonuna gəlib çatan Maron da, deyəsən, Jorjdan aralandı.

Bəs Jorj? Qadın qiyafəsində səhnəyə çıxıb özünü Rojeyə Maronun bacısı kimi təqdim edən Jorj hər şey bitəndən sonra üzünün makiyajını silib əvvəlki görkəminə qayıdır və… salona düşüb gənc bir xanımın əlindən tutaraq səhnəyə qaldırır, onunla rəqs edir. Yəni ki, bu Jorj düzələn deyil! Amma çətin ki, bir də “Qardaşlıq köməyi” təşkilatından kimsə onun “Arvadım olun” təklifinə razılaşa…

Təklif demişkən… İşdir, əgər yeni mövsümdə afişalar sizi bu tamaşaya baxmağa dəvət etsə, düşünmədən razılaşın. Çünki bu tamaşada sizi maraqlı komik situasiyalar, mükəmməl aktyor oyunu gözləyir. Əsər fransız müəllifinin qələmindən çıxsa da, bəzi tiplər sizə tanış gələcək.

Gülcahan Mirməmməd