Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə 20-23 iyul tarixlərində ölkəmizdə Özbək Kinosu Günləri keçirilir.
Bu münasibətlə Özbəkistan Respublikası mədəniyyət nazirinin birinci müavini Avazxon Tadjixanov və “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gələcək.
İyulun 20-i saat 19:00-da Nizami Kino Mərkəzində kino günlərinin açılış mərasimi keçiriləcək. Mərasimdə “Evrilish” (“Təkamül”) bədii filmi nümayiş olunacaq.
Kinosevərlər iyulun 21-də saat 14:00-da “Yasha, xotin” (“Yaşa, arvad”), 16:00-da “Sudya” (“Hakim”) filmlərini izləyəcəklər.
İyulun 23-də, sonuncu gün saat 11:00-da “Baxodir” (“Bahadır”) filmi göstəriləcək. Seanslara giriş sərbəstdir.
Qeyd edək ki, sonuncu dəfə ölkəmizdə Özbək Kinosu Günləri iki il öncə – 2022-ci ilin 7-9 dekabr tarixlərində keçirilib.