Azərbaycan

 

24 iyul 1937 – Xalq artisti, kinorejissor Yalçın Əliheydər oğlu Əfəndiyev (1937 – 10.12.2019) Bakıda doğulub. Cizgi və sənədli filmlərin müəllifidir, “Xatirələr sahili” bədii filminə quruluş verib. “Azərbaycantelefilm”in bədii rəhbəri olub.

24 iyul 1949 – Əməkdar incəsənət xadimi, teatr rejissoru Oruc İzzət oğlu Qurbanov (1949 – 23.12.2022) Bakıda doğulub. Müxtəlif teatrlarda çalışıb, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru olub.

24 iyul 1949 – Əməkdar artist Tofiq Əbdülrəhim oğlu Hüseynov (1949 – 5.7.2020) Xırdalanda anadan olub. İrəvan, Sumqayıt Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb. 2001-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

24 iyul 1956 – Əməkdar artist Gülnar Əlifağa qızı Salmanova (1956 – 25.10.2015) Salyan rayonunun Xıllı qəsəbəsində doğulub. Musiqili Komediya Teatrının aktrisası olub. 

24 iyul 2002 – Prezident Heydər Əliyev Azərbaycanın dünyaşöhrətli müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin 60 illik yubileyi haqqında sərəncam imzalayıb.

24 iyul 2019 – Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

24 iyul 2021 – Xalq artisti, müğənni Səməd Səmədov (17.9.1946 – 2021) vəfat edib.

 

25 iyul 1935 – Şair, publisist, Dövlət mükafatı laureatı Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935–2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Lirik şeirləri ilə yanaşı, uşaqlar üçün mənzum nağılların müəllifidir.

 

26 iyul 1915 – Əməkdar artist, teatr rejissoru Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 – 14.3.1975) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunda dərs deyib.

26 iyul 1920 – Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə “geniş zəhmətkeş proletar kütləsinin musiqi savadı alması” məqsədilə Bakının səkkiz fəhlə rayonunda şöbəsi olan musiqi təhsili müəssisəsi – Xalq Konservatoriyası açılıb. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyası yaradıldı.

26 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, fotojurnalist Farid Xayrulin (1947 – 27.8.2020) Bakıda anadan olub.

26 iyul 1949 – Əməkdar rəssam, heykəltaraş Zeynalabdin Əli oğlu İsgəndərov (1949 – 27.10.2021) Bakıda anadan olub. Görkəmli şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb. Dövlət Rəssamlıq Akademiyasında çalışıb.

26 iyul 1954 – Əməkdar mədəniyyət işçisi Rəhman Ağarəhim oğlu Quliyev (1954–2010) anadan olub. Azərbaycan Dövlət Kukla Teatrının direktoru olub.

26 iyul 1995 – Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Qəhrəman oğlu Şıxlı (22.3.1919 – 1995) vəfat edib. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), Milli Məclisin deputatı (1990–1995) olub.

26 iyul 2008 – Xalq rəssamı Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925 – 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

 

27 iyul 1991 – Əməkdar incəsənət xadimi, pianoçu, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əziz qızı Əliyeva (17.11.1933 – 1991) vəfat edib. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

27 iyul 2012 – Əməkdar rəssam, Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, professor Zahid İsa oğlu Hüseynov (20.3.1945 – 2012) vəfat edib.

 

28 iyul 1935 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 – 15.9.2006) Bakıda doğulub. Oratoriya (“Odlar yurdu”, “Çanaqqala”), opera (“Ölülər”, “Natəvan”), kantata və s. əsərlərin müəllifidir.  Filmlərə musiqi (“Şərikli çörək”, “Həyat bizi sınayır”) yazıb. Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri (2000–2006) olub.

28 iyul 1937 – Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Müslüm Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 1937) vəfat edib. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir, “Şah İsmayıl”, “Nərgiz” operalarını yazıb. Azərbaycan Radiosunda musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.

28 iyul 1945 – Əməkdar mədəniyyət işçisi, ustad aşıq Səyyad Məşədi oğlu Pənahov (1945 – 16.2.2019) Gədəbəy rayonunun Kərimli kəndində anadan olub.

 

Dünya

 

24 iyul 1802 – Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 – 5.12.1870) anadan olub. Əsərləri: “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Qara zanbaq”, “Kraliça Marqo” (romanlar), “III Henrix və onun sarayı” (dram) və s.

24 iyul 1803 – Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan; 1803–1856) anadan olub. “Jizel” və “Korsar” baletlərinin müəllifidir.

24 iyul 1828 – Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828–1889) anadan olub.

24 iyul 1857 – Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917) Henrik Pontoppidan (1857–1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.

24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi (1931–2018) anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann festivalının qalibi, 1978), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya festivalının qalibi, 1988) və s.

 

25 iyul 1905 – Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1981) Elias Kanetti (1905–1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. Əsərləri: “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.

25 iyul 1929 – Rus yazıçısı, rejissor Vasili Makaroviç Şukşin (1929 – 2.10.1974) anadan olub. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rol ifaçısı).

 

26 iyul 1856 – İngilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925) Corc Bernard Şou (George Bernard Shaw; 1856 – 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.

26 iyul 1894 – İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley; 1894–1963) anadan olub.

26 iyul 1928 – Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928–1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.

26 iyul 1945 – Türk teatr və kino aktyoru Metin Çekmez (1945 – 25.8.2021) anadan olub. İstanbul Şəhər Teatrında çalışıb, film və seriallarda yaddaqalan obrazlar yaradıb.

 

27 iyul 1824 – Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas; 1824 - 27.11.1895) anadan olub. Əsərləri: “Kameliyalı qadın” (roman və pyes), “Yarıqaranlıq” (pyes), “Doktor Servan” (povest) və s. “Kameliyalı qadın” romanı əsasında C.Verdi “Traviata” operasını yazıb.

27 iyul 1835 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906) Cozue Karduççi (Giosue Carducci; 1835–1907) anadan olub.

27 iyul 1853 – Rus yazıçısı Vladimir Korolenko (1853–1921) anadan olub. Əsərləri: “Makarın yuxusu”, “Kor musiqiçi”, “Qazmada yaşayan uşaqlar” və s.

 

28 iyul 1750 – Alman bəstəkarı Yohann Sebastian Bax (Johann Sebastian Bach; 31.3.1685 – 1750) vəfat edib. Operadan savayı əksər musiqi janrlarında əsərlər, o cümlədən 200-dən çox kantata, 250-dək orqan musiqisi yazıb.

28 iyul 1812 – Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef İgnacy Kraszewski; 1812–1887) anadan olub. “Sehrli çıraq”, “Qrafinya Kozel”, “Bryul” və s. romanların müəllifidir.

Hazırladı: V.Orxan