Astara rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlət sərhədləri etibarlı şəkildə qorunur” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, “Gənclər evi” sosial xidmət müəssisəsi, Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları və rəssamlıq dərnəyinin üzvləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyev ölkəmizdə bütün sahələrin inkişafını diqqət də saxlayıb. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bir dövlət üçün mühüm əhəmiyyət kəsb edən strukturlar fəaliyyətə başlayıb və ya inkişafına təkan verilib. 2002-ci il iyulun 31-də Ulu öndərin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərmanın ölkəmizin sərhədlərinin etibarlı mühafizəsində önəmli rolu olub.

Çıxışlardan sonra “Sərhəddən başlayan Vətən” mövzusunda film nümayiş olunub. Sonda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.