Ankaranın Keçiören Bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə iyulun 28-də “Beynəlxalq Keçiören Türk dünyası şöləni” adlı festival keçirilib.
Ankaradakı Yayla məhəlləsindəki Lavanta və Gül bağçasında təşkil olunan tədbirə Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş, TÜRKSOY-un baş katibi Sultan Raev, Ankaradan TBMM-in üzvü Semra Dinçer, Keçiören Bələdiyyəsinin başqanı Mesut Özarslan, digər rəsmilər, eləcə də Azərbaycan, Banqladeş, Bosniya və Herseqovina, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, İraq, İran, Şimali Kipr, Moldova, Özbəkistan, Pakistan, Rusiya və Sudanın diplomatları qatılıblar.
Ölkəmizin Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tədbirdə iştirak ediblər.
Mərasimdə əvvəlcə Mansur Yavaş, Sultan Raev və Mesut Özarslan nitq söyləyiblər.
Çıxışlarda dost və qardaş xalqları bir-birinə daha da yaxınlaşdıran festivalın əhəmiyyəti, onun böyük bir coğrafiyada yaşayan türk xalqlarının zəngin mədəniyyətini nümayiş etdirməyə imkan verdiyi vurğulanıb.
Tədbirdə türk dövlətlərinin diplomatik təmsilçilərinə mükafatlar təqdim edilib. Azərbaycan səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi də əməkdaşlığa verdiyi töhfələr üçün mükafata layiq görülüb.
Festivalda türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Azərbaycandan gələn sənətçilər, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı da ifaları ilə Türk dünyası şöləninə rəng qatıblar.
Konsert proqramında Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası musiqi kollektivlərinin çıxışları da maraqla qarşılanıb.