Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbəri Günay Rzayeva Türkiyənin Kırşehir vilayətinə səfəri çərçivəsində 1918-ci ildə Azərbaycanda Qafqaz İslam Ordusunun sıralarında həlak olmuş türk əsgərlərinin yaxınları ilə görüşüb.
Gunay Rzayeva Kırşehir vilayəti Şəhid Ailələri Cəmiyyətində də olub.
Cəmiyyətin rəhbəri Mutlu Kılıçaslan xatırladıb ki, bu il mayın 13-dən 17-dək Kırşehir vilayətindən olan şəhidlərin qohumları və yaxınlarından ibarət qrup Azərbaycanda səfərdə olub. Səfər “Şəhid ailələri Qafqaz İslam Ordusunun İzi ilə” layihəsi çərçivəsində təşkil olunub.
“Vilayətimizin oğullarının xatirəsinin araşdırılması və qorunub saxlanılmasına görə Rzayevaya minnətdarlığımı bildirmək istərdim. Biz də tərəfimizdən kırşehirli şəhid övladları ilə əlaqə yaratmağa çalışırıq”, - deyə o qeyd edib.
Qoruq rəhbəri Günay Rzayeva bildirib ki, bu günə kimi Türkiyənin Kırşehir vilayətindən olan Qafqaz İslam Ordusunun 40-a yaxın hərbçisinin taleyinə aydınlıq gətirilib.